Logo
news content
User
Kateqoriyalar

Xəbər

Köçəryan sülh tezislərinə qarşı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sentyabrın 26-da ölkənin İctimai Televiziyasına  müsahibədə Azərbaycan və Türkiyə ilə sülhün qaçılmaz olduğunu deyib: “Müxalifət hakimiyyətin dəyişəcəyi halda Azərbaycan və Türkiyənin Ermənistandan gözlədiyi ağrılı qərarlardan yayınmağın mümkün olduğunu düşünür. Ancaq Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, yaxşı heç nə baş verməyəcək, bəlkə də daha pis olacaq. Heç bir qərar bizə yaxşı şey vəd etmir. Daha az ağrılı qərarı seçmək məsələsi var. Biz vaxtı uzatdıqca Azərbaycan və Türkiyənin tələbləri artacaq, yarım ildən sonra ölkəmiz olmayacaq”.

Sentyabrın 28-i paytaxt Yerevanda mətbuat konfransı keçirən ikinci prezident Robert Köçəryan Levon Ter-Petrosyanın tezislərinə qarşı çıxıb: “Qarabağın taleyi xalqın öz əlindədir. Elita Azərbaycanla addım-addım əməkdaşlığa gedəcək, yoxsa mübarizə yolu tutacaq? Ermənistanda xalq hakimiyyəti Qarabağ məsələsində mövqeyini dəqiqləşdirməyə vadar edə biləcəkmi? Açar xalqın əlindədir. Xalq mübarizəyə hazırdırsa, deməli, imkan var. Qapı hər zaman mübarizə aparanın üzünə açılır. 1992-ci ildə vəziyyət heç də indikindən yaxşı deyildi. Bəli, çox problem var, ancaq bu o demək deyil ki, biz təslim olmalı, Ermənistanın qarşısında məcburiyyət kimi qoyulan şərtləri qəbul etməliyik”.

1954-cü il təvəllüdlü Robert Köçəryan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildən Ermənistanın baş naziri, 1998-ci ildən 2008-ci ilə kimi prezidenti olub. Hazırda ölkə parlamentində əsas müxalif qüvvə olan Ermənistan blokunun lideridir.