Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koçaryan "Tramp marşrutu"nu Ermənistan üçün təhlükəli sayır

Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək, ABŞ-nin idarə edəcəyi tranzit dəhlizi Ermənistan üçün ciddi təhlükəsizlik təhdidi yaradar. Bunu yanvarın 29-da Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. Onun iddiasına görə, bu layihə yalnız Azərbaycan və Türkiyəyə fayda verəcək, ABŞ-nin qonşu İrana təzyiqi artırması üçün istifadə olunacaq.

"TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) Azərbaycan və Türkiyə üçün nəzərdə tutulmuş Ermənistan-Amerika layihəsidir. Bu, yəqin, ən dəqiq tərifdir. Burada Ermənistanın maraqları, ümumiyyətlə, görünmür", – o, mətbuat konfransında deyib.

TRIPP-lə bağlı razılaşma ötən ilin avqustunda ABŞ prezidenti Donald Trampın Ağ evdə ev sahibliyi etdiyi danışıqlarda baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında əldə olunub. Yanvarın 13-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda görüşdən sonra TRIPP-in ilk detallarını açıqlayıblar. ABŞ hökumətinin nəzarətində olan xüsusi şirkət Ermənistanın İranla sərhədi boyunca dəmir yolu, avtomobil yolu, enerji xətləri və digər infrastruktur tikəcək, onları ən azı 49 il müddətində idarə edəcək.

"ABŞ-nin Cənubi Qafqazda heç bir iqtisadi marağı yoxdur, bütün bunlar bir amillə bağlıdır: İranla. İranla sərhədə nəzarəti ələ keçirməkdən başqa heç bir motiv yoxdur", – AzadlıqRadiosunun erməni xidməti Koçaryana istinadla yazır.

Keçmiş prezident xəbərdarlıq edib ki, İranın buna mənfi reaksiyası Ermənistanı regional böyük geosiyasi güclərin toqquşmasının mərkəzində qoya bilər. "TRIPP bizim üçün ən böyük təhlükəsizlik təhdidinə çevriləcək", – Koçaryan bildirib.

71 yaşlı keçmiş prezident Ermənistanın əsas müxalifət qruplarından birinə rəhbərlik edir.

Paşinyan isə bu iddiaları rədd edib. O, Koçaryanın regional geosiyasət biliklərinin "köhnəlmiş" olduğunu deyib. "TRIPP ilk növbədə iqtisadi investisiya layihəsidir, Ermənistana çoxmilyonluq investisiyalar gətirəcək", – o, jurnalistlərə söyləyib.

Tehran indiyədək dəfələrlə TRIPP-lə bağlı ciddi narahatlıq ifadə edib, bu marşrutun Ermənistan-İran sərhədinə ciddi risk yarada, ABŞ-nin regionda təhlükəsizlik baxımından mövcudluğuna yol aça biləcəyini bildirib. İranın ali dini lideri Xameneinin yüksəkvəzifəli köməkçisi layihənin İslam Respublikası üçün qəbuledilməz olduğunu vurğulayıb.

Ermənistanın digər müxalifət xadimləri də TRIPP-in Sünikdən keçəcək hissəsi üzərində Yerevanın nəzarətini zəiflədə biləcəyini deyiblər. Onların iddiasına görə, Paşinyan Bakının dəhlizdən keçənlərin erməni sərhədçilərinin birbaşa yoxlamasından azad olunması tələblərini qəbul edib.

Paşinyan deyib ki, müasir texnologiyalar sayəsində erməni zabitləri ilə azərbaycanlı səyyahlar fiziki təmasda olmaya bilər. Onun sözlərinə görə, Ermənistan kommersiya tranzit mərkəzinə çevriləcək, İran və Rusiya ilə dəmiryol əlaqələri əldə edəcək.