Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kimə və nə satmışıq?

2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (202,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (160,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın məlumatına görə, 2021-ci ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 877,8 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 224,1 milyon ABŞ dolları, Gürcüstana 157,5 milyon ABŞ dolları və Amerika Birləşmiş Ştatlarına isə 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə dekabr ayı üzrə ixrac 2,4 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 mln ABŞ dolları olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7% artaraq 101,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 93,7% artaraq 252,1 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (114 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (89,8 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,5 milyon ABŞ dolları) olub.

2021-ci ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (34,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (26,9 milyon ABŞ dolları) ikinci və karbamid (25,1 milyon ABŞ dolları) üçüncü olub. (Trend)