Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kim haqlıdır - seçkiyə qatılanlar, yoxsa qatılmayanlar?

İyulun 13-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) parlament seçkilərini boykot etməklə bağlı qərar verib.

Digər müxalif qüvvələr isə seçkiyə qatılırlar. Onlar isə bildirirlər ki, seçkilərdə iştirak etməklə mövcud vəziyyəti dəyişmək istəyirlər.

AXCP sədrinin müşaviri Məmməd İbrahim AzadlıqRadiosuna qərarlarını şərh edərkən deyib ki, ötən parlament seçkilərindən bəri heç nə dəyişməyib: "Yenə həmin seçki komissiyası, yenə həmin qanunlar, yenə sərbəst toplaşmaq ilə bağlı qadağalar qalıb. Eyni zamanda, ötən seçkilər dövrünə baxanda siyasi məhbusların sayı artıb".

M.İbrahim qeyd edib ki, AXCP seçkilərdə iştirak üçün hökumətə bundan əvvəl şərtlərini irəli sürmüşdü: "Bunlar seçki komissiyalarında partiya üzvlərimizin iştirakçılığı, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığı hüququmuzun təmin olunmasıdır. Heç biri təmin edilməyib. Ali Məclisin iclası üçün yerin ayrılmasını istəmişik, onu ayırmayan hökumət bizə seçicilər ilə görüş üçün yer ayırarmı? Yox".

Müşavirin sözlərinə görə, seçkilər qismən də olsa, şəffaf keçirilərdisə, orada iştirak edib qalib gələrdilər: "Amma burada 1 faiz belə şəffaf seçki yoxdur. Belə olan halda, biz bu seçkilərdə niyə iştirak edək?"

Başqa müxalif qüvvələr isə boykot qərarına qoşulmur. Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılının da fikrincə, indiki siyasi şəraitdə hər hansı bir əsaslı dəyişikliklərə nail olmaq, demək olar ki, mümkün deyil. O, AXCP-dən fərqli olaraq seçkidə iştirak qərarlarını belə əsaslandırır: "Hər hansı siyasi partiya seçkilərə qatılmırsa, Azərbaycanda mövcud olan siyasi şəraitdə özünü faktiki olaraq proseslərdən təcrid etmiş olur".

A.Hacılı qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, seçkiləri boykot etmək mümkün deyil: "Çünki seçkilərdə yetərsay yoxdur. Bu baxımından seçkilərin boykot edilməsinin Azərbaycan qanunvericiliyində mexanizmi yoxdur".

Onun sözlərinə görə, Müsavat Partiyası bu seçkilərdə iştirak etməklə həm bütövlükdə Azərbaycanda hakimiyyətin seçki institutunu demokratik proses kimi sıradan çıxarmamasına çalışır, həm də seçki prosesinin gedişində baş verən qanun pozuntuları barədə cəmiyyəti və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istəyir: "Seçkilərdə iştirak etmədikdə ictimaiyyət bizi onu meydanda tək qoymaqda, hakimiyyətin bu məsələləri daha asanlıqla həyata keçirməsinə şərait yaratmaqda ittiham edir. Biz bu ittihamların qarşısını almaq məqsədilə bu seçkilərdə iştirak edirik. Biz seçki platformamızı ictimaiyyətə təqdim edəcəyik. İnanırıq ki, nə vaxtsa Azərbaycanda demokratik seçkilər olacaq".

Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu Turana bildirib ki, hər bir demokratik cəmiyyətdə seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı siyasi partiyaların özləri verir: “Ancaq seçkilərin boykot edilməsi məsələsi isə tamamilə fərqli hadisədir”.

H.Babaoğlunun fikrincə, seçkiləri elə partiya boykot edə bilər ki, onun aldığı qərar həm seçkilərin nəticələrinə təsir göstərmiş olsun, həm də arxasında geniş kütlə olsun: “Burada isə boykot ifadəsi yerində deyil. Sadəcə Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan siyasi sistemində öz uğursuzluğunu, fəaliyyətsizliyini ört-basdır etmək üçün bu şəkildə bəhanələrlə gizlətməyə çalışır. Çünki AXCP fərqindədir ki, 2020-ci ildən bu günə qədər ölkəmizin, xalqımızın, dövlətimizin taleyində çox mühüm hadisələr baş verərkən heç bir pozitiv mövqeni nümayiş etdirərək milli və dövlət maraqlarımızla bağlı heç bir addım atmadı”.

O, düşünür ki, ona görə də AXCP bu gün seçicilərə üz tutacaq və səs istəyəcək imkanlara sahib deyil: “Bu səbəbdən belə seçkilərdə iştirak etməməsi ilə bağlı qərar qəbul edir. Amma yaxşı olardı ki, həm boykot sözündən həm siyasi məzmunu, həm etimologiyası baxımından düzgün istifadə edəydilər. Boykot etmək iqtidarında olmayan bir siyasi partiyanın bu termini işlətməsi da doğru deyil”.

Deputat qeyd edib ki, hər bir siyasi partiya öz gücünə qadirdir: “Əgər nəticə əldə edilməyəcəksə, doğrudan da iştirak etməsələr daha yaxşıdır. Ölkənin siyasi nəbzi də ondan xəbər verir ki, çox mühüm mərhələdə atılan tarixi addımların təqdir olunmaması və Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən onların dəstəkləməməsi, eyni zamanda 2020-2023-cü illər ərzində baş vermiş bütün hadisələrlə bağlı bu partiya tərəfindən verilən proqnozların yanlış çıxması onun nüfuzunu bir qədər də azaldıb”.

H.Babaoğlunun sözlərinə görə, AXCP Rusiya sülhməramlıların Azərbaycan getməyəcəyindən başlamış Laçın dəhlizinin artıq ermənilərə verilməsinə və Azərbaycanın suveren hüquqlarının şübhə altına almasına qədər yanlış proqnozlar verib: “Belə olan halda bunu edən heç bir siyasi partiya istəsə də, seçicilərdən səs ala bilməz. Amma yenə də bu, onların qərarıdır. Düşünürəm ki, AXCP-nin seçkilərdə iştirak edib-etməməsi nə Azərbaycan demokratiyasını əksildəcək, nə də Azərbaycan xalqının demokratiya bayramına kölgə salacaq”.