Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş ABŞ rəsmisi: "İran interneti bərpa etməklə özünəinamını göstərir"

Mayın 26-da İranda internet 88 günlük fasilədən sonra bərpa olundu. "NetBlocks" təşkilatı bunu "müasir tarixdə ən uzunmüddətli internet kəsintisi" adlandırıb.

Tehranın internetə çıxışı qismən bərpa etməsi nə məna daşıyır və danışıqlar davamlı atəşkəsə çevrilə bilərmi? AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu bu sualları 24 ildən çox ABŞ hökumətində çalışmış keçmiş yüksəkvəzifəli diplomat və milli təhlükəsizlik rəsmisi Çarlz Dann ilə müzakirə edib. Dann Corc Buş administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında İraq üzrə direktor vəzifəsində çalışıb.

Özünəinamın göstəricisi

İranın qlobal interneti qismən bərpa etməsi daxili etirazların nəzarətə götürülməsinin göstəricisidir, ya daha çox iqtisadi çöküşün qarşısını almaq məqsədi daşıyır? Ç.Dann bunu ilk növbədə rejimin ABŞ və İsrailin hücumlarını dəf etmək məsələsində özünü daha inamlı hiss etməsinin göstəricisi sayır: "Bu, onlara hərbi infrastrukturun və bir çox mülki obyektlərin dağılması hesabına başa gəldi, amma buna dözdülər və bu müddətdə hökumətə qarşı genişmiqyaslı üsyan baş vermədi. Məncə, onlara həm də elə gəlir ki, danışıqlar artıq onların xeyrinə yönəlir. İndi masada hər şey var, o cümlədən nüvə proqramının gələcəyi. Əvvəllər isə söhbət qeyd-şərtsiz təslim olmaqdan gedirdi. Buna görə də məncə, onlar özlərinə o dərəcədə inanırlar ki, insanların nə baş verdiyini görməsi üçün müəyyən səviyyədə internet bağlantısını bərpa edirlər. Xəbərlərin böyük hissəsi əslində əhalinin gözündə rejimin mövqeyini gücləndirə bilər. Bununla yanaşı, internet kəsintisinin iqtisadi təsiri də çox ciddi olub. İran biznesinin işləməsi üçün internet lazımdır, buna görə bu amil də rol oynayır".

"Onların prioriteti rejimi qorumaqdır"

Amma təhlilçi iqtisadi məsələlərin danışıqlarda ikinci dərəcəli olduğunu bildirir. Belə ki, rejim, hələlik, əhalini əsasən nəzarətdə saxlayır və hakimiyyətdə qaldığı müddətdə ağır iqtisadi nəticələrə dözməyə hazır görünür: "Ona görə də düşünmürəm ki, rəhbərlik danışıqlar masasında təklif etdiyi məsələlərdə sıravi İran vətəndaşlarının iqtisadi vəziyyətinə xüsusi diqqət yetirir. Onların prioriteti rejimi qorumaqdır".

"Rejim hazırda özünə yetərincə güvənir. İnternetin bir hissəsini açmağa hazırdırlar, çünki beynəlxalq narrativ indi əsasən Vaşinqtonun razılaşma axtarması və çıxış yolu tapmağa çalışması ətrafında qurulub. İran rəhbərliyi də istəyir ki, ictimaiyyət onların mövqeyini gücləndirən mesajları görsün, yəni İran İsrail və ABŞ-yə qarşı dayandı və sağ qaldı.

Bu, ölkə daxilindəki dərin narazılığı azaltmır. Biz təkrar etiraz dalğalarını görmüşük, o cümlədən yanvarda zorakılıqla yatırılmış son nümayişləri. Amma hələlik rejim nəzarəti saxlamaq üçün lazım bildiyi gücdən istifadə etməyə qərarlıdır və düşünür ki, bu strategiya işləyir", – Ç.Dann əlavə edir.

Zərbələrdən əvvəl Hörmüz söhbəti yox idi

Danışıqlarda əsasən hansı məsələlərin müzakirə olunduğuna gəlincə, o, ən vacib məsələnin Hörmüz boğazının gələcəyi ilə bağlı olduğunu deyir, yəni boğazın açıqmı qalması, ona kimin nəzarət etməsi və ondan kimin qazanc götürməsi müzakirə edilir: "ABŞ və İsrailin zərbələrindən əvvəl bu, hətta əsas məsələ də deyildi. İndi isə bu məsələ İran rejiminin danışıqlarda özünü daha inamlı hiss etməsinin əsas səbəblərindən birinə çevrilib.

Digər məsələlər, xüsusilə nüvə dosyesi hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ yenidən İranın nüvə proqramı üzrə danışıqlara hazırdır və müzakirələrin 30-60 günlük vaxt çərçivəsində aparılacağı bildirilir.

Maraqlı detal budur ki, biz faktiki olaraq 2015-ci il nüvə sazişinin əsasını təşkil edən mövzular üzrə danışıqlara qayıtmışıq. Amma bu mərhələdə hələ danışıqlar haqqında danışırıq. Detallar çox qeyri-müəyyəndir və vəziyyət sürətlə dəyişə bilər".