Logo
news content
User
Kateqoriyalar

Xəbər

İzmirdə meşə yanğınları başlayıb, yaşayış məntəqələri təxliyə edilib

Türkiyənin İzmir şəhərinin Menderes, Qaziemir və Seferihisar rayonlarında güclü meşə yanğınları qeydə alınıb.

Yerli mətbuat xəbər verir ki, güclü küləyin təsiri ilə yanğın meşəlik əraziyə yayılıb. Yanğınla əlaqədar 4 kənd və 2 məhəllənin sakinləri təxliyə edilib.

Təbii fəlakət zamanı 3 ev, 1 traktor və 1 avtomobil yararsız hala düşüb.

İzmir Beynəlxalq Hava Limanı əyalətdə davam edən meşə yanğınları səbəbindən uçuşları müvəqqəti olaraq dayandırıb. Buna səbəb Adnan Menderes Hava Limanı Qaziemir rayonunda yanğın zonasının yaxınlığında yerləşməsidir. Davam edən meşə yanğını, tüstü və yanğınsöndürən təyyarələrin işi səbəbindən hava limanı təyyarələrin qəbulunu və enişini dayandırıb. İzmirə gələn bəzi reyslər başqa hava limanlarına yönləndirilib. Yanğının nəzarət altına alınmasından sonra uçuşların həmişəki kimi davam edəcəyi gözlənilir. Yanğının söndürülməsinə 1,1 min yanğınsöndürən, 6 təyyarə, 23 su maşını göndərilib. Sürəti saatda 70-117 km arasında dəyişən güclü küləklər səbəbindən yanğınsöndürən təyyarələrin uçuşu və mütəmadi su atması çətinləşir.

Bununla yanaşı, Buca rayonunda yanğın Otokent Avtosalonlar Kompleksinə qədər çatıb.

Hazırda meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Polis qüvvələri TOMA vasitəsilə yanğının qarşısını almağa çalışır.

Yanğın baş verən bölgədə avtomobil yolları bağlanıb.