Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstintaq jurnalist Şəmşad Ağanın Azərbaycandan çıxışına qadağa qoyub

İyulun 5-də arqument.az xəbər saytının rəhbəri Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Jurnalist “Toplum TV işi”  üzrə şahid qismində, xüsusən də bu nəşrdəki fəaliyyətilə  bağlı dindirilib. Bu barədə Ağa özü bildirib.

Jurnalistin sözlərinə görə, o, əvvəllər “Toplum TV”də proqramın aparıcısı olub.

Ancaq "məlumatı açıqlamamaq" öhdəliyi səbəbindən Ağa dindirmənin məzmununu açıqlamayıb.

O qeyd edib ki, dindirmə bitdikdən sonra ona şifahi şəkildə bildiriblər ki, ölkədən çıxışına qadağa qoyulub.

O, xaricə çıxışına qoyulan "stop"un tətbiqilə bağlı rəsmi qərarı almağa nail olmaq və  məhkəmədə onun hüquqiliyini mübahisələndirmək niyyətindədir.

İstintaq orqanının nümayəndələrindən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, ötən ilin sonundan Azərbaycanda “Toplum” TV və “Abzas Media” işi  üzrə dindirilən onlarla jurnalist və fəalın ölkəni tərk etməsi qadağan edilib. Bu işlər üzrə 14 nəfər həbs edilib, daha iki nəfərin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.