Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstefadan sonra - Boris Conson vidalaşdı, geri qayıdacaqmı?


Boris Conson üç ildən bir az artıq müddət ərzində çalışdığı Britaniyanın Baş naziri vəzifəsindən getdi. Xarizmatik və ziddiyyətli "brexit"çi indi nə ilə məşğul olacaq?





Consonun bioqrafı Andrev Gimson əmindir ki, Cohnon elə adam deyil ki, istefa verdikdən sonra sakitcə bir kənara çəkilsin və özünü yerli kilsə üçün xeyriyyə işlərinə həsr etsin.





Jurnalistika və yazıçılıq




Siyasətə gəlməmişdən əvvəl Conson tanınmış və çox yaxşı qazanan bir jurnalist idi, o, siyasətçi olaraq da qəzet və jurnallara yazmağa davam edirdi və yalnız Baş nazir olduqdan sonra bu məşğuliyyətini tərk etdi.


"Daily Telegraph" qəzeti ona həftəlik köşə yazılarına görə ildə 275 min funt sterlinq (541 min AZN) ödəyirdi. İndi mümkündür ki, müxtəlif nəşrlər Conson üçün mübarizə aparsınlar - kim daha çox ödəyəcək.





Bundan əlavə, Conson memuarlarını yazmaq istəyə bilər ki, bu, sabiq Baş nazirlər üçün zəmanətli gəlirin ənənəvi üsuludur. Mütəxəssislər ehtimal edirlər ki, nəşriyyatlar bu kitab üzərində hüquqa malik olmaq üçün ən azı bir milyon funt sterlinq (1.9 mln AZN) ödəyə bilərlər.





Conson artıq səkkiz kitab (köşə yazıları məcmuəsi da daxil olmaqla), o cümlədən pərəstiş etdiyi Uinston Çörçilin tərcümeyi-halını və "Yetmiş iki bakirə" siyasi satirasını yazıb.





Lakin ilk növbədə, xatirələrə başlamazdan əvvəl, Uilyam Çekspirin bioqrafiyasını bitirməyi yaxşı olardı. Conson onu artıq yeddi ildir ki, yazır.





"Hodder & Stoughton" nəşriyyatı gələcək "Şekspir: Dahinin tapmacası" kitabına sahib olmaq hüququnu 2015-ci ildə yarım milyon funt-sterlinqə (980 min AZN) alıb və kitab 2016-cı ildə çapını gözləyirdi.





Lakin o zaman Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirildi, sonra Conson xarici işlər naziri və bunun ardınca Baş nazir oldu, bir sözlə, kitabın nəşri təxirə salındı.





"Şekspir [kitabı-red.] - hakimiyyətdən və nə zaman üsyan edib kralı öldürməyin vaxtından bəhs edir. Və indi, öz partiyası Consona qarşı qalxdığı zaman, yəqin ki, onun kitabının sonu hazırdır", - Andrev Gimson deyir.










Johnson





Conson gözəl yazıçı və natiqdir, indi o, bununla daha çox qazana bilər




Nitq qastrolları





Sabiq Baş nazir ictimai çıxışlarla da yaxşı pul qazana bilər. Consonun sələfi Tereza Mey bu il ərzində 9 çıxışına görə 715 min funt sterlinq (1,4 mln AZN) alıb.





Conson da artıq bu sahədə təcrübəyə malikdir. 2019-cu ilin martında, o, Tereza Mey hökumətini tərk edəndən sonra, bank işçiləri və Hindistan media şirkətinin iclasındakı cəmi iki çıxışına görə 160 min funt-sterlinqdən (313 min AZN) çox ödəniş almışdı.





"Şübhəsiz ki, o, çox yazacaq və çıxış edəcək", - Consonun həm London meri, həm də Baş nazir olarkən müşaviri işləyən lord Udny-Lister deyir.





Onun fikrincə, Conson özü üçün vacib olan mövzularda, məsələn, Ukrayna və onun Rusiya ilə mübarizəsində Avropanın qərarlı dəstəyinin vacibliyi haqqında çıxışlar edəcək.





"Görünür, Boris Consonu pul və həmin pulun dostlarının çoxundan daha az olması narahat edir. Ona görə də o, vəziyyəti düzəltmək üçün əlindən gələni edəcək", - deyə London Queen Mary Universitetinin politologiya üzrə professoru Tim Bale ehtimal edir.





Siyasətdən kənar duracaq?





Baş nazir vəzifəsindən gedən Conson İcmalar Palatasındakı yerini qoruyub saxlayır. Onu çətin ki, yeni hökumətə nazir kimi dəvət etsinlər. Bu o deməkdir ki, Consonun yenidən "arxa kürsüdəki" (vəzifəsiz deputat) roluna qayıdacağı gözlənilir. London siyasətinə aidiyyəti olan insanlar Consonun David Kameron kimi parlamenti və siyasəti tamamilə tərk edib-etməyəcəyi ilə maraqlanırlar.





"Mən düşünmürəm ki, o, tezliklə parlamentdən gedəcək", - Udny-Lister deyir. Həmçinin o şübhə edir ki, Conson İcmalar Palatasının yuxarı cərgəsindəki kürsüsündən hökuməti tənqid və ya tərifləyən adi deputat roluna uzun müddət dözsün.











Downing Street, London





Baş nazirin iqamətgahının qarşısında daşınma ilə məşğul olan firmanın yük maşınları görünüb





Consonun Baş nazir postundan istefasına səbəblərindən biri də pandemiya zamanı hökumət iqamətgahında ziyafətlərlə bağlı qalmaqallar olub. Buna görə, onun deputat hüquqları dayandırıla bilər. Buna deputatlar komissiyası qərar verməlidir ki, o, parlamenti bilərəkdən aldadıb, ya yox. Həmçinin Conson Londonun şimal-qərbindəki seçki dairəsində növbəti (cədvələ görə 2024-cü ildəki) seçkiləri qazanmaya da bilər.





Qayıdış




Boris Conson İcmalar Palatasında "Baş nazirə suallar" hissəsindəki çıxışını "hasta la vista, baby" sözləri ilə bitirib. O, həmçinin siyasətdəki planlarına daha birmənalı işarə edən "Terminator" filmindəki memi da yada sala bilərdi: "I'll be back" ("Mən qayıdacam").





Boris Conson yenidən Baş nazir ola bilərmi və ya mühafizəkarlar növbəti seçkiləri uduzarsa, müxalifət lideri kimi qayıda bilərmi?





Mühafizəkarlar Partiyasının tarixinə dair kitabın müəllifi, professor Tim Bale hesab edir ki, Consonun qayıdışını istisna etmək olmaz, lakin bunun üçün mühafizəkarlar çox çıxılmaz bir vəziyyətdə olmalıdırlar.





"Əgər Boris Consonu geri çağırarlarsa, mən Mühafizəkarlar Partiyasının gələcəyinə görə narahat olmağa başlayaram", - Bale deyir.





Consonun həmsöhbəti Jacob Rees-Mogg yaxınlarda xatırladıb ki, Mühafizəkarlardan bir siyasətçinin partiya lideri və Baş nazir postunu tərk etdikdən sonra geri qayıtması Uilyam Gladstone dövründən bəri baş verməyib. O, üç dəfə fasilədən sonra Baş nazir kürsüsünə qayıdıb, lakin bu, XIX əsrin ikinci yarısında baş vermişdir.





Lakin Consonun bioqrafı Andrev Gimson hesab edir ki, burada tarixi paralellər və presedentlər vacib deyil.





"Necə davranmağından asılı olmayaraq, Boris Consonun kultu qalacaq. İkinci və ya üçüncü fasilədən sonra da bir çoxları yenidən Baş nazir olub", - Gimson deyir.





"Hamısı bir anda və artıqlaması ilə"





Boris Conson lap əvvəldən və məqsədyönlü şəkildə siyasətdə köhnə qaydaları rədd edən bir insana bənzəməyə çalışıb. Buna görə indi istefasından sonra onun, sələflərinin getdiyi standart yollardan biri ilə addımlayacağını təsəvvür etmək çətindir.





"O, heç vaxt "bu olmasa, o olsun" deyən bir insan olmayıb, həmişə "həm də bu olsun" deyən birisi olub, - deyə Gimson izah edir. - İstefadan sonra nə ilə məşğul olmağından asılı olmayaraq, düşünürəm ki, o, çox məşğul adam olacaq. O, işsizliyə tab gətirən deyil".





Professor Bale bununla razılaşır. Onun fikrincə, Conson həm siyasətdə qalmaq, həm də zirvəyə qayıtmaq barədə qərar verə bilər. Eyni zamanda o, köşə yazıları, ədəbi iş və ictimai çıxışlarla pul qazana bilər.