Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvada Putin və Əliyev arasında görüş keçirilib

Oktyabrın 8-də Moskvada MDB ölkələri başçılarının sammiti çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü keçirilib. Görüşdə iki ölkənin nümayəndə heyətləri də iştirak ediblər.

Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətlərin müsbət məcrada inkişaf etdiyini, tərəflərin bir çox maraqlı layihələr həyata keçirdiklərini bildirib.

“Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışıq. Dünən axşam qeyri-rəsmi olaraq münasibətlərimizin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”, - o bildirib.

V.Putin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür.

“Həm enerji sektorunda, həm də infrastrukturun inkişafı sahəsində çoxlu sayda yaxşı, maraqlı layihələr var və onların hamısı perspektivli, real, canlı, ikitərəfli və çoxtərəfli layihələrdir”, - Rusiya lideri bildirib.

Onun sözlərinə görə, sevindirici haldır ki, MDB dövlət başçılarının sammiti çərçivəsində cari məlumat, işlər haqqında məlumat mübadiləsi aparmaq və bu irəliləyişə müəyyən düzəlişlər etmək imkanı var: "Bu irəliləyiş isə göz qabağındadır”.

Azərbaycan Prezidenti İlham Əliyev isə Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikasının kifayət qədər nəzərə çardığını qeyd edib.

Dövlət başçısı deyib: “Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.

Dövlət başçısı qeyd edib: “Gündəliyimiz (ikitərəfli münasibətlərin-red.) kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir”.

Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.

TASS agentliyi bildirib ki, bundan sonra Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ada analoji görüş keçirəcək.

Sonra MDB Dövlət Başçıları Şurasının iclası məhdud formatda, daha sonra isə geniş formatda keçiriləcək. Görüşün  yekunlarına əsasən sazişlərin imzalanması mərasimi keçiriləcək.

Ötən gün Ermənistan nümayəndələri bildiriblər ki, təklif olunan üç sazişdən ikisinə qoşulmayacaqlar. Əsasən bu, "Avrasiya təhlükəsizliyinin təmin edilməsi prinsipləri haqqında" və "Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərdən istifadənin yolverilməzliyi haqqında" bəyanatdır.

Bu sənədlərin adlarından göründüyü kimi, onlar Kremlin mütəmadi olaraq keçmiş SSRİ məkanında və dünyanın digər regionlarında pozuculuq fəaliyyətində günahlandırdığı Qərbə qarşı yönəlib.