Logo
news content
User
Kateqoriyalar

Xəbər

Seyidov: “ABŞ COP29-u pozmağa çalışır, USAID-in isə niyyəti yaxşı deyil”

Oktyabrın 8-də Milli Məclisin  iclasında Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərar layihəsi müzakirə edilib.

İclasda deputatlar ABŞ-ı yenidən tənqid ediblər. Eyni zamanda, Amerika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb və Səməd Seyidov qrupun rəhbəri seçilib. O bildirib ki, ABŞ ilə münasibətlərə, o cümlədən müdafiə sahəsində münasibətlərə yenidən baxılmalıdır.

“Regionda provakasiyaları törədən USAID-in yardımlarına yenidən baxmalıyıq. Onlar dostluğun içərisində başqa niyyətləri regiona gətirmək istəyirlər. Hesab edirəm ki, məktubumuz Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təhlil olunacaq və müvafiq qərarlar qəbul olunacaq”, - o deyib.

Seyidov qeyd edib ki, ABŞ noyabrda Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsinə müsbət rəy versə də, Dövlət Departamenti vasitəsilə həmin tədbiri alt-üst etməyə cəhd göstərir.  Bu, ABŞ-nin səmimiyyətinə şübhə yaradır.

Deputat Siyavuş Novruzov deyib ki, son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı ilə,  ya da birbaşa iştirak edib.

Deputat Vüqar İskəndərov deyib ki, ölkənin  USAİD təşkilatına  ehtiyacı yoxdur.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, ABŞ-ın Azərbaycana qarşı birtərəfli və qərəzli fikirləri tamamilə qəbuledilməzdir. Onun sözlərinə görə,  ABŞ hökuməti növbəti dəfə Azərbaycana qarşı ikili standartlar nümayiş etdirərək öz “saxta və ikiüzlü mövqeyini” ortaya qoyur.

“ABŞ rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar separatizmin və Ermənistan daxilində revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil”, - o qeyd edib.

Sonra  iclasda Milli Məclisin 101 ölkə üzrə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilib.

Eyni zamanda Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv edilib. Əvəzində isə Əfqanıstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Milli Məclisin deputatı Musa Qasımlı qrupun rəhbəri  seçilib.