Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbul görüşü: Tərəflər şərtlərini ortaya qoydular, irəliləyiş var

Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb. Bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya brifinqdə deyib.

“Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu, tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün, ilk növbədə, Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”, - o vurğulayıb.

D.Araxamiya vurğulayıb ki, Rusiya qoşunları Ukrayna ərazisini tərk etməlidir: “Düşmən hərbçilər ərazimizdə olduğu təqdirdə heç bir anlaşma imzalaya bilmərik. Çünki hamımız Vyana Konvensiyasına qoşulmuşuq. Bunu Rusiya heyətinə də bildirmişik. Bundan başqa, Ukraynanın 3 milyondan çox qaçqını da ölkəsinə qayıtmalıdır”.



Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Moskva və Kiyev nümayəndələri arasında bu gün Türkiyənin İstanbul şəhərində keçirilən danışıqları konstruktiv adlandırıb. O, Ukraynanın təkliflərini Rusiya Prezidenti Vladimir Putinə çatdırılacağını deyib.

“Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Rusiya və Ukrayna arasında XİN səviyyəsində sazişin paraflanması ilə eyni vaxtda mümkündür”, - Rusiya nümayəndə heyətinin rəhbəri vurğulayıb.

O, Ukraynadan neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər aldıqlarını bildirib.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, bugünkü müzakirənin nəticələri dövlət başçıları səviyyəsində görüş üçün kifayətdir.

“Humanitar dəhlizlərin açılması vacib olan xeyli yer var. Bugünkü görüşdə həm Rusiya ilə münasibətlərdə, həm də təhlükəsizliyimizə təminat verən ölkələrlə bağlı müəyyən məsələlər müzakirə olundu. Həmçinin biz humanitar dəhlizlərlə bağlı fikir mübadiləsi apardıq”, - o bildirib.