İsrailin Dohaya hücumunda 6 nəfər ölüb
10 Sentyabr 2025
İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsinə yönəlmiş əməliyyat həyata keçirib.
Xəbər agentliklərinin məlumatına görə, İsrailin 15 təyyarəsi Qətər paytaxtına 10 idarə edilən raket atıb. Raket zərbələri Doxada İsrail nümayəndələri ilə görüşə gedən HƏMAS nümayəndələrinin öldürülməsinə yönəldilib.
ABŞ mediası Ağ Evdəki mənbəyə istinadən yazıb ki, İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksəksəviyyəli liderlərinə hava zərbələri endirməzdən əvvəl ABŞ-ı məlumatlandırıb. "Associated Press" isə yazıb ki, ABŞ ordusu İsrailin Dohaya endirdiyi zərbələrdə iştirak etməyib.
Son məlumatlara görə, İsrailin zərbələri nəticəsində 6 nəfər ölüb. Olənlər arasında hərəkatın qərargahında inzibati vəzifələri yerinə yetirən 5 nəfər, eləcə də Qətərin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı var.
Qeyd edək ki, bundan əvvəl "Axios" portalı kəşfiyyat dairələrindəki mənbələrinə istinadən məlumat yayıb ki, İsrail ordusunun hücumunda HƏMAS hərəkatının bütün liderləri Dohadakı binada olublar.
Son məlumata görə, HƏMAS-ın yüksək rəhbərliyindəki nümayəndələr İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi zərbələrdən xəsarət almayıb.
Qətər Qəzza zolağında vəziyyətin nizamlanması üzrə vasitəçiliyini dayandırıb. Qətər rəhbərliyi İsrailin Dohada Fələstinin HƏMAS siyasi bürosunun üzvlərinə zərbə endirməsi ilə əlaqədar Qəzza zolağında münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərini dayandırmaq qərarına gəlib.