Logo
news content
User
Kateqoriyalar

Xəbər

İşğaldan azad edilən su ehtiyatımız - 25 faiz

Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 km3-dir. Bunun 20.0 km3 tranzit axımın payına düşür, 10 km3-i isə ölkənin sərhədləri daxilində formalaşır. İşğaldan azad olunan ərazilərdə 14 çaydan, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 2,6 milyard kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarının 25 faizə qədərini təşkil edir. Beləliklə Azərbaycan nəinki torpaqlarını, həm də su ehtiyatlarını erməni işğalından azad edib.

İşğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər kimi böyük çayların su ehtiyatlarından məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegetasiya dövründə, çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar. Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyllilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 su anbarı mövcuddur. Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarları vasitəsilə Tərtər, Füzuli, Ağdam və digər rayon əraziləri içməli su ilə təmin ediləcək. Bundan başqa, 11 təbii su hövzəsinin üzərində su stansiyaları quraşdırılır.

İşğal zamanı çayların qarşısı ermənilər tərəfindən kəsildiyinə görə, Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu. Bu sular çox təmiz, yeraltı sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. İçməli su həm də işğaldan azad olunmuş ərazilərdə toplanan qar ehtiyatından alınır. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinin suvarılması üçün daha münasibdir. (Real)