İşə qəbul imtahanında regionda ən yüksək bal topladım.., işsiz qaldım
15 Avqust 2025
Oxucu məktubu
Müəllimlərin işə qəbul imtahanında (MİQ) region üzrə ən yüksək nəticə göstərən müəllim idim: 84 bal toplamışdım (sonradan bir nəfər 86 bal ilə Xaçmaza yerdəyişmə etmişdi.) Amma iş tapa, necə deyərlər, iş yerində daimiləşə bilmədim bu bal ilə. Səbəb də Quba-Xaçmaz regional təhsil idarəsinin anlaşılmaz qərarları oldu.
Xaçmaza yaxın kəndlərdə və Xaçmazın özündə tarix müəllimi üçün boş yerlər var idi. Niyəsə o yerlər vakansiyaya çıxarılmadı. Bununla bağlı Xaçmaz rayon təhsil idarəsinə müraciət etdim. Cavabında bildirdilər ki, “7 və 8 nömrəli məktəblər lisey olacaq. Həmin boş yerlər də 7, 8 nömrəli məktəblərin müəllimləri üçün bron edilib”. Niyə məhz Xaçmaza yaxın və Xaçmazın özündə olan məktəbdəki yerlər “bron” edilir, MİQ-də yüksək nəticə göstərmiş müəllimlər üçün isə mərkəzdən saatlarla uzaq doqquzillik məktəblərdəki yerlər vakansiyaya çıxarılır?! Niyə bəzi müəllimlər MİQ imtahanı vermədən Xaçmaza yaxın, dərs saatı yüksək məktəblərdə daimiləşdirilir? (Yeri gəlmişkən, eyni hadisə bu il Siyəzən rayonunda da baş verib). Hər halda, illərin müəllimləri MİQ-dən qorxmamalıdırlar.
Əlavə olaraq, deyim ki, liseyə çevrilən məktəblərə müəllim qəbulu da qeyri-şəffaf formada keçirilib. Qeydiyyatdan keçmiş, bütün tələblərə cavab verən bir sıra müəllim müsahibəyə çağrılılmayıb, kimi istəyiblər, həmin liseylərdə işə qəbul ediblər. Bu, təhsilə və gənc müəllimlərə qarşı özbaşına münasibətin, seçimdə qeyri-şəffaflığın göstəricisi deyilmi? Güman edirəm ki, ən azı Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın da bu məsələyə münasibəti olacaq.
Orxan Kərimov,
Tarix müəllimi