İrəvanda açıq və səmimi müzakirələr... - Azərbaycan heyəti Ermənistandan nikbin qayıdıb
15 Fevral 2026
ABŞ Vitse-prezidenti C.D.Vensin Ermənistana və Azərbaycana səfəri iki ölkə arasında sülh prosesinin inkişafına təkan verir. Tərəflər nikbin bəyanatlarını və ardıcıl fəaliyyətlərini davam etdirirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan yerli televiziyaya müsahibəsində gedişatı müsbət dəyərləndirib və rəsmi İrəvanın iyunda keçiriləcək parlament seçkilərindən əvvl Azərbaycanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab edib. O, ən azı Ermənistanın arzusunu gündəmə gətirib.
Prezident İlham Əliyev isə Münhen Təhlükəsizlik Konfransında bildirib ki, artıq Azərbaycan və Ermənistan arasında faktiki sülh mövcuddur. Dövlət başçısı bildirib ki, yekun sülh müqaviləsi Azərbaycanın daha əvvəl elan etdiyi məsələlər (ərazi iddialarının Konstitusiyadan çıxarılması və s.) həllini tapdıqdan dərhal sonra imzalanacaq.
Bu arada 2 gün əvvəl “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin növbəti görüşü keçirilib. Politoloq Fərhad Məmmədovun rəhbərlik etdiyi heyət bu dəfə demarkasiya olunmuş quru sərhədlərdən keçməklə Ermənistan ərazisinə daxil olub. O, İrəvanda keçirilən görüşün detalları və nəticələri ilə bağlı fikirlərini bölüşüb.
F.Məmmədovun sözlərinə görə, bu dəfə təşəbbüsün beş əsas üzvü ilə yanaşı, iştirakçıların sayı artırılıb və ümumilikdə 39 nəfər görüşə qatılıb.
Politoloq qeyd edib ki, Azərbaycan nümayəndə heyəti Ermənistan ərazisinə artıq delimitasiya və demarkasiya olunmuş quru sərhədindən keçib. O bildirib ki, sərhədin müəyyənləşdirilməsi sülh gündəliyinin əsas nailiyyətlərindən biridir. Keçid proseduru sərhəd və gömrük nəzarətindən ibarət olub, həmçinin COVID məhdudiyyətləri ilə bağlı xüsusi icazə alınıb. Politoloq vurğulayıb ki, nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində 4 saat yol və yerləşmə, 4 diskussiya sessiyası, 2 rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-rəsmi dialoq həyata keçirilib.
İşçi dillər ingilis və rus dilləri olub. Ermənistan mediası üçün keçirilən mətbuat konfransında erməni tərəfi erməni dilində, Azərbaycan tərəfi isə rus dilində çıxış edib, çünki Azərbaycan dilindən tərcümə təmin olunmayıb.
F.Məmmədov bildirib ki, proqram çərçivəsində həm rəsmi gündəlik mövzular, həm də cəmiyyətləri narahat edən məsələlər müzakirə olunub. Tərəflər sülh gündəliyinə yanaşmalarını, mövcud maneələri və problemləri, eləcə də gələcək fəaliyyət istiqamətlərini izah ediblər.
Onun sözlərinə görə, görüşdə həm dialoq platformalarında təcrübəli ekspertlər, həm də ilk dəfə iştirak edən nümayəndələr yer alıb. Açıq və səmimi müzakirə aparılıb, tərəflər bir-birindən gözləntilərini, mövcud fikir ayrılıqlarını və problemləri dilə gətiriblər.
Politoloq hesab edir ki, hazırda Azərbaycan və Ermənistan cəmiyyətlərinin gözləntiləri müəyyən istiqamətlər üzrə üst-üstə düşür. Bu istiqamətlər təhlükəsizliyin təmin edilməsi, müstəqillik və suverenliyin gücləndirilməsi, həmçinin sülh gündəliyindən fayda əldə edilməsidir. O qeyd edib ki, sülh gündəliyində artıq bir sıra nailiyyətlər var, eyni zamanda gözləntilər artır, qeyri-müəyyənliklər və çoxsaylı problemlər qalmaqdadır.
““Sülh Körpüsü” təşəbbüsü ikitərəfli dialoqun formalaşdırılması cəhdidir. Bu, dialoqun mümkün olduğunu nümayiş etdirir və müəyyən mərhələdə institusional forma ala bilər”, – Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, fəaliyyət iki istiqamətdə aparılır:
Daxildə cəmiyyətlə kommunikasiya,
Qarşı tərəflə birgə fəaliyyət.
“Bəzi məsələlər alınır, bəziləri yox… və bu, normaldır”, – politoloq əlavə edib.
Fərhad Məmmədov hesab edir ki, Ermənistanda keçiriləcək parlament seçkiləri mühüm mərhələ olacaq. Onun fikrincə, seçkilərdən sonra ya sülh gündəliyinin genişlənməsi və dərinləşməsi baş verəcək, ya da əldə olunmuş nəticələrdə geriləmə müşahidə edilə bilər. O vurğulayıb ki, hazırda yüksək səviyyəli siyasi dialoq və artan iqtisadi qarşılıqlı fəaliyyət fonunda vətəndaş cəmiyyətləri səviyyəsində də ikitərəfli format formalaşmaqdadır.
Politoloq bəyan edib ki, sülh mümkündür və hazırda gələcək sülhün parametrləri formalaşır. Onun sözlərinə görə, Azərbaycan sülh gündəliyinə sadiqdir və milli maraqlar çərçivəsində ardıcıl addımlar atmağa davam edəcək.
F.Məmmədov əlavə edib ki, sülh gündəliyi ilə bağlı cəmiyyətlə uzun müddət işləmək, səbirli olmaq və məsuliyyəti dərk etmək vacibdir.
“Belə bir vəziyyət yaranıb ki, hökumətlər müəyyən mərhələdə dayanıb və sülh gündəliyini dəstəkləyən ictimai nümayəndələr dialoq və birgə işi formalaşdırmağa çalışırlar”, – deyə o qeyd edib.
Sonda politoloq bu tip səfərlərin dövlət strukturlarının resurslarının konsolidasiyasını, iştirakçıların təşəbbüskarlığını və konstruktiv fəaliyyəti tələb etdiyini bildirib, görüş iştirakçılarına və təhlükəsizliyi təmin edən qurumlara təşəkkürünü ifadə edib.
Turqut

