Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın qonşuları daha bir münaqişəyə hazırlaşır

ABŞ-nin Yaxın Şərqdə hərbi qüvvələrini artırması İrana zərbə ehtimalını gücləndirir, Yaxın Şərq ölkələri isə regionda daha bir münaqişəyə hazırlaşır. Prezident Donald Tramp Tehrana "vaxt tükənir" deyə xəbərdarlıq edib. İranın xarici işlər naziri Abbas Əraqçi isə ölkəsinin istənilən hücuma "dərhal və qətiyyətlə" cavab verməyə hazır olduğunu deyib.

"Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) kimi ABŞ-nin əsgərləri olan ölkələr İranın hansısa formada əks hücumundan narahatdırlar", – Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatlar rəhbəri Fərzan Sabet deyib.

KƏŞ-ə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Oman və Qətər daxildir. Vaşinqtonun onların çoxunda hərbi bazaları var.

Bu həftə Səudiyyə BƏƏ-dən sonra elan edib ki, ərazisindən İrana qarşı hərbi əməliyyat üçün istifadəyə icazə verməyəcək. AzadlıqRadiosunun "Radio Azadi" xidmətindən Əbubəkər Siddiq yazır ki, təhlilçilərin bunun Vaşinqtonun hərbi addımını önləmək niyyəti güddüyünü deyirlər.

"İslam Respublikası, yaxud əlaltılarının regionda enerji infrastrukturuna birbaşa hücumları qlobal iqtisadiyyata pozucu təsir göstərər", – Sabet vurğulayıb.

On illər boyunca Körfəz ölkələri ya İranın şiə rejiminə rəqib olublar, ya da Tehranla əlaqələri gərgin olub. Onlardan bəziləri İranın Yəməndəki husilər kimi proksilərinin hücumlarına məruz qalıb.

KƏŞ ölkələri dünyanın neft təchizatının dörddə birini, qlobal təbii qazın isə 10 faizdən çoxunu hasil edir. Onlar həmçinin qlobal ticarət və nəqliyyat üçün vacib rol oynayır, milyonlarla əcnəbi işçinin vətənidir.

Körfəz ölkələrinin iki məqsədi

Romada yerləşən "Euro-Gulf Information Centre" təhlil mərkəzinin siyasət məsələləri üzrə meneceri Pyer Kamillo Falaska deyir ki, Körfəz ölkələri iki təxirəsalınmaz məqsədə fokuslanıb.

"Onlar böhranın yayılmasının önləmək, ölkələrinin təhlükəsizliyini qorumaq istəyirlər", – o bildirib.

Falaskanın sözlərinə görə, ictimai mövqelərinə baxmayaraq, Körfəz ölkələri İranda rejim dəyişikliyinə qarşı çıxmırlar.

"Onlar mümkün xaotik keçidin bədəlini yaxşı anlayırlar. Onlar idarəolunan və nizamlı keçiddə maraqlıdırlar, boşluqda yox", – o əlavə edir.

Falaskanın fikrincə, Körfəz ölkələri limanlarının, aeroportlarının və enerji infrastrukturunun təhlükəsizliyini gücləndirmək üzərində ciddi işləyir, əhalini mümkün çətin dövrlərə hazırlayırlar.

Sabet də bu fikirlə razıdır. O deyir ki, İranda son etirazların ən gərgin dövründə Körfəz ölkələri ABŞ prezidenti Trampı İrana hücumu təxirə salmağa razı sala biliblər. O zaman təhlükəsizlik qüvvələrinin minlərlə etirazçını öldürməsi xəbərləri gəlirdi: "Bu ölkələr Tramp administrasiyasının mümkün nəticələri daha yaxşı idarə edə bilməsi üçün lazımlı qüvvə və vasitələri düzgün yerləşdirməsini istəyirdilər".

ABŞ-da yerləşən HRANA təşkilatı yanvarın 29-na İranda 6 min 373 ölüm halının təsdiqləndiyini bildirib. Ölənlərin əksəriyyəti mülki etirazçılar olub.

Tramp İrana doğru "nəhəng" armadanın yollandığını bəyan edib. Bu isə Vaşinqtonun Körfəz ölkələrindəki qüvvələrdən istifadə etmək istəməməsinin əlaməti sayıla bilər.

Vaşinqton "USS Abraham Lincoln" təyyarədaşıyan zərbə qrupunu regiona göndərib. ABŞ mediası yanvarın 29-da "USS Delbert D.Black" adlı daha bir hərbi gəminin də regiona daxil olduğunu bildirib.

Digər qonşular

Sabet bildirib ki, İranın birbaşa qonşusu olan İraq, əsasən, bu qarşıdurmadan kənarda qalmaq istəsə də, İranla ABŞ arasında mümkün münaqişəyə cəlb oluna bilər.

"İraq daxilində elə qüvvələr var ki, ölkəni bu münaqişəyə sürükləyə bilərlər", – o deyib.

İraqın təhlükəsizlik qurumu olan Xalq Səfərbərlik Qüvvələri İrana bağlı bir neçə silahlı qruplaşmadan ibarətdir. Bu qruplar əvvəllər ABŞ qüvvələrinə hücumlar ediblər.

İraqın Tehranın tərəfini tuta biləcəyi ilə bağlı narahatlığı daha bir məqam artırır. İranın dəstəklədiyi Nuri əl-Maliki ölkənin növbəti baş naziri olmaq üçün əsas namizədə çevrilir.

Sabetin sözlərinə görə, İraq Azərbaycan, Türkiyə və Pakistanla eyni sırada yer alacaq, bu ölkələr İranla münaqişənin uzunmüddətli nəticələrinə hazırlaşır. Belə bir münaqişə qaçqın axınlarına, etnik iğtişaşların alovlanmasına səbəb ola bilər.

İranda 1.5 milyondan çox ərəb İraqla sərhəddə yerləşən Xuzistan vilayətində yaşayır.

İranın ən böyük etnik azlığı olan azərbaycanlılar isə Azərbaycanla sərhəddəki şimal-qərb bölgələrində məskunlaşıblar. Bu iki ölkənin əhalisi, əsasən, şiələrdən ibarət olsa da, münasibətləri zaman-zaman etimadsızlıq və düşmənçiliklə müşayiət olunub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 29-da İrandan həmkarı Abbas Əraqçiyə deyib ki, ərazilərindən onların ölkəsinə qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək.

İranın ən gərgin cənub-şərq əyaləti - Sistan-Bəlucistanın Pakistanın cənub-qərbi Bəlucistan əyaləti ilə 900 kilometrdən çox sərhədi var. Hər iki bölgədə, əsasən, sünni bəluclar yaşayır, on illərdir bu ərazilərdə silahlı separatçı və islamçı üsyanlar baş verir.

İranın şimal-qərb və qərb bölgələrində yaşayan sünni kürdlərin Şimali İraq və Türkiyənin cənub-şərqindəki kürdlərlə əlaqələri var.

"Bu ölkələr, şübhəsiz ki, etnolinqvistik qrupların silahlı fəaliyyətindən yarana biləcək qeyri-sabitliyin hansı formada ortaya çıxacağından narahatdırlar", – Sabet bildirib.