Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Kubaya görə ABŞ-də fövqəladə vəziyyət elan edib

ABŞ prezidenti Donald Tramp Kubadan milli təhlükəsizlik təhdidinə görə fövqəladə vəziyyət haqqında fərman imzalayıb. Sənəd Kubaya neft satan və ya başqa yollarla tədarük edən ölkələrdən mallara əlavə rüsum tətbiqinə imkan verir.

Ağ evin bəyanatında bildirilir ki, Kuba hakimiyyəti öz ərazisində xarici hərbi və kəşfiyyat obyektlərini yerləşdirməklə "çoxsaylı düşmən ölkələrlə əməkdaşlıq edir". "Məsələn, Kubada Rusiyanın xaricdəki ən böyük radioelektron kəşfiyyat mərkəzi yerləşir, ABŞ-nin milli təhlükəsizliyi üçün vacib məxfi məlumatların oğurlanması ilə məşğul olur", – ABŞ prezident administrasiyası bildirib.

Bəyanatda Kubanın HƏMAS və "Hizbullah" kimi terror qruplaşmalarına sığınacaq verdiyi iddia olunur. ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.

Ağ ev bildirir ki, "rejim siyasi opponentləri təqib edir, işgəncələrə məruz qoyur, söz və mətbuat azadlığını inkar edir, Kuba xalqının əzabları hesabına korrupsiya yolu ilə varlanır və kommunist ideologiyanı bütün regiona yayaraq xaos yaradır".

Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya bildirib ki, Havana ABŞ-nin adaya yanacaq tədarükünü tam blokadaya almaq cəhdlərini qətiyyətlə pisləyir. Onun sözlərinə görə, Tramp administrasiyası öz addımlarına haqq qazandırmaq üçün Kubanı olmadığı bir təhlükə kimi təqdim etməyə çalışır.

"The Wall Street Journal" yazır ki, Tramp administrasiyası Kuba hökumətində 2026-cı ilin sonunadək rejimin devrilməsi ilə bağlı razılaşmaya kömək edə biləcək nüfuzlu şəxsləri axtarır. Daha öncə açıqlanmışdı ki, Venesuela hakimiyyətinə yaxın informator yanvarın əvvəlində ABŞ-yə Karakasda əməliyyat aparmağa, Nikolas Maduro və xanımı Siliya Floresi ələ keçirməyə kömək edib.