Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın PUA oyunu: Ukrayna "cinayətkar" adlandırdı, ABŞ sanksiya tətbiq edəcək

“Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət və terror aktlarına əlbir edir”.

Ukrayna Xarici İşlər Nazirlyinin Rusiyanın Ukraynaya qarşı cinayətlərində İranın əlbirliyi ilə bağlı bəyanatının bütöv mətnini təqdim edirik:

“Rusiya Federasiyası İran istehsalı olan döyüş pilotsuz uçuş aparatlarını istifadə etməklə Ukraynanın mülki əhalisinə və mühüm infrastrukturuna qarşı terror aktları həyata keçirməkdə davam edir.

Təkcə son bir həftə ərzində Rusiya Federasiyası İranın kamikadze PUA-ları ilə Ukraynanın bir sıra şəhərlərində yaşayış binalarına, elektrik stansiyalarına, kanalizasiya təmizləyici qurğulara, körpülərə və uşaq meydançalarına yüzdən çox zərbə endirib. Uşaqlar da daxil olmaqla, onlarla insan həlak olub və yaralanıb. Ukraynanın enerji infrastrukturunun üçdəbirinə zərər dəyib. Kiyevdə iki diplomatik qurumun binasına ziyan dəyib.

Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət və terror aktlarına əlbir edir.

Biz Tehranı Rusiyaya istənilən silah tədarükünü dərhal dayandırmağa çağırırıq. Əks halda Rusiyanın Ukraynaya qarşı cinayətlərinə görə beynəlxalq məhkəmələr çərçivəsində ən ağır məsuliyyəti İran və onun rəhbərliyi daşıyacaq.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə müraciət edərək Rusiyanın ukraynalılara qarşı terrora yardım etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. İrana qarşı sərt sanksiyalar İranın Ukraynaya qarşı müharibədə istifadə üçün “yer-yer” tipli ballistik raketləri Rusiyaya ötürmək niyyəti barədə xəbərlər fonunda xüsusi önəm daşıyır.

Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq ayrılmaz özünümüdafiə hüququnun gerçəkləşdirilməsi çərçivəsində mülki əhalini, suverenliyini və ərazi bütövlüyünü xarici təcavüzdən qorumaq üçün bütün mümkün tədbirləri görəcək”.

***

ABŞ Rusiyaya yardım etdiyinə görə İrana qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır. Belə ki, Tehran Moskvaya ballistik raketlər göndərməyi də planlaşdırır.

Bu barədə “Politico” nəşri yazıb.

“Biz İrana Rusiyaya ukraynalıları öldürməyə kömək edən hər kəsə mütləq sanksiya tətbiq edəcəyik”, - Ağ ev rəsmisi deyib.

Nəşr bildirib ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası əvvəllər İranın Rusiyaya silah satışı ilə bağlı məlumatları açıqlayıb və bunun sanksiyalara səbəb olacağını vurğulayıb.

Ağ ev rəsmisi söhbətin hansı sanksiyalardan getdiyini açıqlamasa da, böyük ehtimalla bunlara iqtisadi məhdudiyyətlər və ixraca nəzarət tədbirləri daxil olacaq. “Politico” qeyd edib ki, bu, İran və Rusiyaya yardım edən üçüncü tərəflərə qarşı yönəldiləcək.

Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Shahed” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı. Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mohajer-6” və “Shahed” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi. Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı. Sentyabrın 23-də isə İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.