İranın Küveytə dron zərbəsi nəticəsində iki İtaliya vətəndaşı ölüb, Tehran təkzib edir
27 Noyabr 2026
İran Küveytə dron zərbəsi endirib.
ANSA-nın xəbərinə görə, Küveyt Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Almaniyanın “Rheinmetall” şirkətinin İtaliyadan olan iki əməkdaşı ölkənin strateji əhəmiyyətli infrastruktur obyektinə qarşı dəf edilən hücum zamanı qəzaya uğrayan dronların qəlpə zərbəsindən ölüblər.
Məlumata əsasən, ölən italiyalılar mart ayından etibarən İranın mümkün cavab hücumlarından Körfəz ölkələrini qorumaq və İtaliyanın enerji təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə bölgəyə göndərilmiş hərbi və mülki heyətin tərkibində olublar.
Qeyd edək ki, Küveytdə pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün “Rheinmetall” şirkətinin “Skynex” zenit müdafiə sistemi yerləşdirilib.
İran Küveytin həyati əhəmiyyətli obyektlərindən birinə hücum etməsi barədə ittihamları təkzib edib.
İranın dövlət teleradio şirkətinin məlumatına görə, bunu ölkənin Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi bildirib.
Onun sözlərinə görə, bu ittihamlar İsrail və ABŞ-ın regionda qeyri-sabitliyi artırmaq cəhdlərini ört-basdır etməyə xidmət edir.
“İsrail və ABŞ qüvvələrinin keçmişdəki düşmənçilik fəaliyyətlərini, saxta bayraq altında həyata keçirdikləri əməliyyatları və regional avantüralardakı rolunu nəzərə alsaq, bu ittihamlar onların əməllərini davam etdirmək və regionda qeyri-sabitliyi artırmaq cəhdlərini ört-basdır etmək kimi qiymətləndirilir”, – deyə Şekarçi bildirib.
O, Küveyt ordusunun açıqlamalarını qəti şəkildə təkzib edərək İran Silahlı Qüvvələrinin regionda heç bir hərbi və ya hücum əməliyyatı həyata keçirmədiyini vurğulayıb.