Nəzəriyyədən praktikaya: “Tramp yolu” açılır, açarlar kimin əlində olacaq?
Üç paytaxt, bir dəhliz və cavabsız qalan suallar
26 Noyabr 2026
Noyabrın 23-də TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu / Trump Route for International Peace and Prosperity) layihəsinin həyata keçirilməsinin praktiki mərhələsinə rəsmən start verilib. Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciət yayıblar.
Məlum olduğu kimi, əvvəllər Zəngəzur dəhlizi adlandırılan bu layihə 2025-ci ilin avqustunda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında Vaşinqtonda imzalanmış sülh razılaşmalarının nəticəsidir. Layihənin əsas məqsədi dövlətlərin suverenliyinə və yurisdiksiyasına tam riayət olunmaqla regional kommunikasiyaların açılması və Cənubi Qafqazda müxtəlif nəqliyyat növlərini birləşdirən tranzit əlaqəsinin yaradılmasıdır.
Marşrut Ermənistanın Sünik vilayətindən keçən təxminən 42 kilometrlik yoldan ibarətdir. Bu yol Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, oradan isə Türkiyəyə çıxışı təmin edəcək.
Layihə avtomobil və dəmir yollarının, neft-qaz infrastrukturlarının, eləcə də regionun enerji şəbəkələrini birləşdirəcək elektrik ötürücü xətlərin tikintisini nəzərdə tutur.
Bu dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Şərq–Qərb istiqamətində yükötürmə qabiliyyətini artırmağa xidmət etməlidir.
Bəs hazırkı mərhələdə nələr baş verir? Hesab olunur ki, tərəflər ümumi siyasi bəyanatlardan təşkilati və ərazidə aparılan praktiki işlərə keçiblər. Bunun əlamətlərindən biri işçi qrupların yaradılmasıdır. Azərbaycan, Ermənistan və ABŞ iki əsas istiqamət – nəqliyyat və energetika üzrə infrastruktur məsələlərinin işlənib hazırlanması üçün texniki qruplar formalaşdırıblar.
İkinci əlamət yerlərdə hazırlıq işlərinin aparılmasıdır. Ermənistanın Sünik vilayətində artıq tikintiyə hazırlıq işlərinə başlanılıb. Ermənistan hökuməti bunun üçün ilkin olaraq 16 milyon dram vəsait ayırıb, təşəbbüsün inkişaf etdirilməsi məqsədilə isə xüsusi şirkət təsis edilib.
Üçüncü məsələ sərhədlərlə bağlıdır. Yaxın vaxtlarda atılması nəzərdə tutulan addımlar sırasında marşrutun çəkilməsi üçün zəruri olan Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsinin delimitasiyası və demarkasiyası da elan edilib.
Videomüraciətlərin yayılmasından dərhal sonra Prezident İlham Əliyev Donald Trampa göstərdiyi dəstəyə görə təşəkkür edib və razılaşmaların praktik müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, marşrutun istifadəyə verilməsi Bakı üçün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru və enerji əlaqəsinin qurulmasına imkan yaradacaq.
Nikol Paşinyan isə öz növbəsində TRIPP-ni Ermənistanın müstəqillik əldə etməsindən bəri ölkə tarixində ən böyük iqtisadi proqram adlandırıb. O vurğulayıb ki, layihə regionun təcrid vəziyyətindən çıxmasına və investisiyaların cəlb olunmasına şərait yaradacaq.
Donald Tramp da Vaşinqtonun yeni ticarət və enerji axınlarının yaranmasına imkan verəcək layihənin uğurunu təmin etməyə hazır olduğunu bəyan edib. O, həmçinin Ermənistanın baş nazirini 2027-ci ildə Ağ Evə dəvət edib.
Bəs bu marşrutun tikintisinin real perspektivləri necədir? Ermənistan hökumətinin ayırdığı ilkin 16 milyon dram vəsait və xüsusi şirkətin yaradılması avtomobil və dəmir yollarının, eləcə də enerji magistrallarının çəkilməsi kimi genişmiqyaslı işlərə nə dərəcədə uyğundur?
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru və enerji əlaqəsi təşkil olunarkən bəyan edilən “suverenliyə və yurisdiksiyaya tam riayət olunması” prinsipi praktikada necə təmin ediləcək?
Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində delimitasiya və demarkasiya proseslərinin marşrutun tikintisini ləngitməsi və ya çətinləşdirməsi riski nə dərəcədə böyükdür?
Siyasi coğrafiya və geoiqtisadiyyat üzrə mütəxəssis, beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə bildirib ki, belə genişmiqyaslı layihənin həyata keçirilməsi uzun müddət, əlavə razılaşdırmalar və marşrutların hər birinin parametrlərinin dəqiqləşdirilməsini tələb edir.

“Layihə çərçivəsində dəmir və avtomobil yollarının, yüksək gərginlikli elektrik ötürücü xətlərin və digər mühəndis qurğularının, o cümlədən mümkün qaz kəmərinin tikintisi nəzərdə tutulur. İşlərə artıq başlanılması layihənin praktiki icra mərhələsinə keçdiyini göstərir. Yaxın illərdə bu çoxfunksiyalı dəhlizin yekun infrastruktur mənzərəsinin formalaşacağını gözləmək olar. Mümkün problemlərə və fikir ayrılıqlarına baxmayaraq, əsas məsələ onun tikintisinin sürətlə həyata keçirilməsi üçün tərəflərin ortaq istəyinin olmasıdır.
Ermənistanın bu ərazilər üzərində suverenliyinə gəlincə, hüquqi baxımdan bütün kommunikasiya xətləri Ermənistan ərazisindən keçir. Bütün layihələr və ekspert qiymətləndirmələri Ermənistan rəhbərliyi ilə razılaşdırılır, yekun institusional icazələr isə Ermənistan tərəfi tərəfindən verilir. Bu məqamlar ictimaiyyətə düzgün izah olunmalıdır. Hətta birgə müəssisənin tikinti işlərinin aparılması, təşkilati strukturlarının formalaşdırılması və hesabatlılığı da tamamilə Ermənistanın səlahiyyətindədir. Bu məsələ Ermənistanla ABŞ arasında razılaşdırılır və bizim buna birbaşa aidiyyətimiz yoxdur.
Azərbaycanın iştirakı olmadan bu layihənin mənası yoxdur. Çünki o, Azərbaycanın bir hissəsindən digər hissəsinə qazın, elektrik enerjisinin, yüklərin və sərnişinlərin tranzitini nəzərdə tutur. Burada Azərbaycan həlledici rol oynayır, lakin tranzit fiziki olaraq Ermənistan ərazisindən keçir. Sülh müqaviləsinin mətninə əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır və müəyyən edilmiş “qırmızı xətlər” çərçivəsində daxili işlərə qarışmamaq prinsipinə hörmət etməyi öhdələrinə götürürlər”, – analitik bildirib.
O qeyd edib ki, münaqişə gündəliyinin aradan qaldırılması suverenliyə qarşılıqlı hörmətə əsaslanır.
“Nəqliyyat, energetika və qaz nəqli layihələrinin həyata keçirilməsi yolu ilə münaqişə gündəliyinə son qoyulması ikitərəfli münasibətlərdəki qarşıdurmanı qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa çevirir. Bu isə dinc birgəyaşayışın və region xalqlarının uzunmüddətli məqsədlərinin həyata keçirilməsinin fundamental əsasını yaradır. Həmin layihələr təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır və onların icrası beynəlxalq normalara ciddi riayət olunmasını tələb edir. Razılaşma Azərbaycanın ayrı-ayrı hissələri arasında sərnişinlərin və yüklərin maneəsiz daşınmasını nəzərdə tutur.
Hazırda daşımaların parametrləri ilə bağlı əlavə razılaşdırmalar aparılır. Bunlar olmadan Azərbaycan dəhlizdən istifadədə maraqlı olmayacaq. Beynəlxalq tranzit daşımaları isə Avrasiyanın digər regionlarında olduğu kimi, tranzit haqları və rüsumların tutulması ilə beynəlxalq qaydalara uyğun həyata keçiriləcək”, – Vəlizadə fikrini yekunlaşdırıb.
Burada daha bir mühüm məqam diqqət çəkir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRIPP layihəsinin texniki parametrlərinin Bakı ilə razılaşdırılmasının zəruriliyini bildirib. Çünki marşrutun giriş və çıxış nöqtələri Azərbaycan sərhədi ilə bağlıdır.
2026-cı il noyabrın 18-də Almaniyanın xarici işlər naziri Yohann Vadefulla birgə keçirdiyi brifinqdə Bayramov vurğulayıb ki, TRIPP-nin texniki parametrləri Azərbaycanla razılaşdırılmalıdır. Çünki Azərbaycanla əlaqəsi olmayan dəhlizin heç bir mənası yoxdur. Daha sonra, 2026-cı il noyabrın 24-də Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında o, layihənin həyata keçirilməsi və yükdaşımaların təşkili zamanı Azərbaycanın mövqeyinin nəzərə alınmalı olduğunu bir daha qeyd edib.
Bəs bu israrlı bəyanatlar nə ilə izah olunur? Axı ABŞ-ın təşəbbüsü ilə Azərbaycan, Ermənistan və ABŞ-dan ibarət üçtərəfli texniki işçi qrupu artıq yaradılıb və 2026-cı il noyabrın 6-dan fəaliyyətə başlayıb. Qrupun vəzifəsi nəqliyyat infrastrukturu (dəmir və avtomobil yolları), elektrik ötürücü xətlər və kabel layihəsi üzrə texniki parametrləri razılaşdırmaqdır.
Ermənistanın baş naziri Nikol Paşinyan da dəmir yollarının birləşdirilməsinin texniki parametrlərinin üçtərəfli qrup çərçivəsində razılaşdırılmasının zəruriliyini dəstəkləyib.
İlk baxışdan hər şey aydındır. Bəs Bakını nə narahat edir? Xarici işlər naziri Ceyhun Bayramovun bu bəyanatları hansı məqamlardan xəbər verir?
Bu məsələ ilə bağlı politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov öz izahını verib.

O qeyd edib ki, rəsmilərimizin hər hansı məsələni xatırlatmasını və ya ona diqqət çəkməsini narahatlıq əlaməti kimi qəbul etmək lazım deyil.
“Söhbət ondan gedir ki, yol Ermənistan ərazisindən keçsə və layihə ABŞ ilə Ermənistan tərəfindən həyata keçirilsə də, marşrutun hər iki tərəfdəki giriş və çıxış nöqtələri Azərbaycan ərazisində yerləşir. Üstəlik, işlərin aparılması üçün texnikanı yalnız Azərbaycan ərazisindən gətirmək mümkündür. Çünki Ermənistanda müvafiq dəmir yolları olmadığından dəmir yolu texnikasının hamısını bu ölkə üzərindən gətirmək mümkün deyil.
Buna görə də xarici işlər nazirinin və digər rəsmilərin bəyanatları həmin məsələlərin vaxtında razılaşdırılmasının zəruriliyini xatırlatmaq məqsədi daşıyır. Nikol Paşinyan da məhz bu səbəbdən qeyd edib ki, sərhədin delimitasiyası və demarkasiyası şimaldan cənuba doğru davam etsə də, layihələrin birləşdiyi ərazidə sərhədin cənub hissəsi artıq indidən razılaşdırılmalı, delimitasiya və demarkasiya edilməlidir.
Bunlar olmadan işlərin aparılması son dərəcə çətindir. Sərhəd xətti, eləcə də gömrük və sərhəd-keçid məntəqələrinin yerləşəcəyi yerlər dəqiq razılaşdırılmalıdır. Çünki müvafiq xidmətlər öz fəaliyyətlərini qarşılıqlı razılaşdırılmış qaydada həyata keçirməli olacaqlar. Bu, narahatlığın ifadəsi deyil, görüşlərdə müzakirəyə çıxarılan adi işçi məsələləridir”, – Musabəyov hesab edir.
Rauf Orucov