Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrandan gələn 14 nəfərlik terror-diversiya qrupu üzvlərinin FOTOLARI



İran İslam Respublikasının 14 vətəndaşının Azərbaycandakı Rusiya sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi ətrafında qalmaqal və müəmma davam edir. Azərbaycan tərəfi Qarabağa heç bir aidiyyatı olmayan iranlıların ərazimizə keçməsinə qəti etirazını bildirsə də, nə İran, nə də onları əraziyə buraxan sülhməramlıların aid olduğu Rusiya düz-əməlli heç bir açıqlama verməyb.    

Xatırladaq ki, qafqazinfo.az saytı əvvəlcə iranlıların ərazimizə keçməsi barədə məlumat dərc edərək, onları daşıyan avtomobilin şəklini yaydı. Ardınca 14 iranlıdan 3-nün fotosunu nümayiş etdirdi, hətta bu şəxslərin ad-soyadlarını da açıqladı. Amma İran tərəfi hələ də susmaqda davam edir. İran yalnız mətbuatın sorğularına deyil, rəsmi Bakının müvafiq müraciətlərinə də reaksiya vermir. Sorğulara cavab verməli olan İran səfirliyi tam susqunluq nümayiş etdirir.

Azərbaycan tərəfi diplomatik xətlə də İrandan məsələyə aydınlıq gətirilməsini istəyib, XİN İrana nota verib. Amma görünür, Tehranda hələ də nə cavab verəcəklərini bilmirlər.

İran səfirliyinin "baba, belə bir şey yoxdur" cavabını "beşikdəcə" boğmaq üçün, həmin 14 nəfərin pasportlarının surətini təqdim edirik:



Düzdür, bütün sübutlara baxmayaraq ağzına su alıb dayanan iranlıların bundan sonra açıqlama verəcəyi yenə də şübhə doğurur. Amma cavab olmalıdır! Bax bu cavabın necə olacağı maraqlıdır.


İstisna deyil ki, cavab hadisənin digər “qəhrəmanı” – iranlı dəstəni Xankəndinə buraxmış Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun cavabları kimi olacaq. Başı Qarabağda biznesə qarşıan Volkov azərbaycanlı jurnalistlərə verdiyi açıqlamalar zamanı suallara aydınlıq gətirmək əvəzinə, məsələni bir az da dolaşdırıb.




Üç gün öncə rusiyalı general deyir ki, “biz bu məsələ ilə bağlı təhqiqat aparırıq, araşdırırıq ki bu nə vətəndaşlar idi, hansı yolla, hansı sənədlərlə keçiblər”. Yəni, Volkov nəzarət etdiyi yola nəzarət etmədiyini öz dili ilə deyir. Daha sonra açıqlama verir ki, “bəs bu şəxslər diversant-zad deyillər, inşaatçıdırlar”. Nəhayət, general əlavə edir ki, bu adamlar “iki gündən sonra buradan çıxarılıblar”. "İnşaatçıları" niyə icazəsiz ərazimizə buraxıblar və buraxdıqları şəxsləri niyə 2 gün sonra təcili şəkildə ərazidən çıxarıblar?

Çox absurd situasiya yaranır və artıq dediyimiz kimi, general Volkovun cavabları yeni suallar yaradır:

1. Gələnlərin kimliyini araşdırdıqlarını deyən Volkov və onun əsgərləri bu şəxslərin kim olduğu və hansı sənədlərlə gəldiyini onları Azərbaycan ərazilərinə buraxmazdan əvvəl araşdırmalı deyilmi?

2. Əgər bu şəxslərin kimliyi haqda araşdırma gedirsə və hələ bu, aydınlaşmayıbsa, general Volkovda onların diversant yox, inşaatçı olması haqda bilgi haradan qaynaqlanır?

3. Söhbət adi “qastarbaytorlar”dan gedirsə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə hansı miqyaslı “tikinti” işləri gedir ki, İrandan dəstə-dəstə işçilər gəlir? Burada yaşayan erməni əhalisinin özü işsiz-gücsüz qaldığı halda, xaricdən “qastarbayterlər” burada nə işlə məşğul olurlar?

4. Söhbət adi inşaatçılardan gedirsə, İran artıq 5 gündür niyə susur?

5. Nəhayət, bu adamlar “adi mülki şəxslər”dirsə, onların gəlişi haqda faktlar üzə çıxandan dərhal sonra iranlılar ərazindən niyə çıxarılıb? Bizdə olan məlumata görə, noyabrın 24-də Xankəndinə buraxılan 14 nəfər İran vətəndaşı dekabrın 13-nə qədər burada qalmalı idilər. “Arsax” adlı qondarma “dövlətin” İran vətəndaşlarının pasportuna vurduğu “viza”larda (!) məhz bu tarix göstərilib (fotoya bax). “Adi inşaatçı” qrupun ifşası niyə sülhməramlıları belə təşvişə salıb ki, onlar tələsik buradan çıxarılıb?



Göründüyü kimi, nə bu suallara cavab var, nə də verilən “cavablar”da məntiq var. Və İran da, Rusiya sülhməramlıları da gec-tez məsələyə aydınlıq gətirməlidirlər. Hələliksə gəldiyimiz əsas nəticə birdir – rusiyalı sülhməramlılar ya öz missiyasını anlamır, ya da bunun öhdəsindən gələ bilmir. Bu faktın özü Azərbaycanın Rusiya sülhməramlıları ilə birgə onların müvəqqəti yerləşdikləri ərazilərdə nəzarət xidməti həyata keçirməsi məsələsini qaldırmaq üçün tam əsas verir.