Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrandakı ərəblər rejimin girovuna çevrilib – EKSKLÜZİV

ABŞ və İsrail ilə İran arasında başlayan hərbi qarşıdurmanın regionda böyük geosiyasi dəyişikliklərə səbəb ola biləcəyi ehtimalı getdikcə daha çox müzakirə olunur. Xüsusilə, ABŞ lideri Donald Trampın “İranın xəritəsi dəyişə bilər” mesajı Qərb analitik dairələrində və mediada “İran parçalanacaqmı?” sualını yenidən gündəmə gətirib. Qərb mətbuatında, o cümlədən “The Washington Post” kimi nüfuzlu nəşrlərdə yayılan şərhlərdə İranın neft ehtiyatlarının yerləşdiyi regionların mümkün geosiyasi dəyişikliklərin mərkəzində ola biləcəyi vurğulanır. Bu kontekstdə diqqətlər ilk növbədə ölkənin cənub-qərbində yerləşən və İranın quru neft ehtiyatlarının təxminən 80 faizini özündə cəmləşdirən Xuzistan – ərəb fəalların “Əl-Əhvaz” adlandırdığı bölgəyə yönəlir. Etnik və dini baxımdan rəngarəng olan bu vilayət son illərdə sosial narazılıqlar, etiraz aksiyaları və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla tez-tez gündəmə gəlir. Regional gərginlik fonunda isə belə bir sual daha çox səslənir: müharibə sonrası Əhvaz İrandan ayrılma potensialına malik bölgələrdən birinə çevrilə bilərmi?

Pressklub.az bu mövzu ilə bağlı tanınmış Əhvaz ərəb fəalı, yazıçı və tədqiqatçı Yusif Əzizi Bəni-Torofun mövqeyini öyrənib. Qeyd edək ki, Bəni-Torof “Əhvaz Təşkilatları Birliyi”nin üzvlərindən biridir və müxtəlif qeyri-fars xalqların – ərəblər, türklər, türkmənlər, bəluclar, kürdlər və farsların təmsil olunduğu “Demokratik, Federal və Respublikaçı Konqres”in iştirakçılarındandır. İranın siyasi və mədəni problemləri, həmçinin ərəb dünyası ilə bağlı mövzulara həsr olunan onlarla kitab və yüzlərlə məqalənin müəllifidir. 

“Əl-Əhvaz əslində tarixi Ərəbistandır. Bura 1925-ci ilə qədər Şeyx Xəzəlin hakimiyyəti altında olub və sahəsi hazırda ona zorla qoyulan “Xuzistan” adından iki dəfədən çox böyükdür. Bu bölgədə ərəblər yaşayır. Əlbəttə, bizim Körfəz sahillərində də ərəblərimiz var ki, biz onlara “Sahil ərəbləri” deyirik. Əl-Əhvaz ərəbləri ilə dil və dinləri eynidir, lakin məzhəb və ləhcə baxımından bəzi fərqləri var. Habelə, bizim iqlim İranın “həyat (şah) damarı” hesab olunur - enerji, su, elektrik, taxıl istehsalı və bir çox kənd təsərrüfatı məhsulları baxımından strateji əhəmiyyətə malikdir. Qacar dövrü tarixçiləri buranı “Gənc-i Şayiqan” (Böyük Xəzinə) adlandırırdılar” - deyə Bəni-Torof bildirir. 

Onun sözlərinə görə həm bölgədə, həm də ölkə xaricində Əhvaz təşkilatları xeyli fəallaşıb: “Əhvaz əhalisi rejimin macəralarının girovuna çevrilib. Biz hələ İran-İraq müharibəsinin vurduğu yaraları sağaltmamışıq. Abadan, Mühəmmərə (Xürrəmşəhr), Xəfaciyyə (Süsəngərd) və Hüveyzə hələ də tam bərpa olunmayıb. Rejim paytaxt və mərkəzi bölgələri abadlaşdırdığı halda, bizim Karun və Dez çaylarımızın suyunu Qum kimi quraq şəhərlərə yönəldərək, regionumuzu ekoloji fəlakətə sürükləyib. Bu da, təbii ki, rejimdən narazılığı getdikcə artırır və əhalinin müxalif kəsiminin qruplar halında təşkilatlanmasına səbəb olur.

Xüsusilə, xaricdə fəaliyyət göstərən “Əhvaz Təşkilatları Birliyi” bölgə xalqının problemlərinin dünya ictimaiyyətinə təqdim edilməsi və onların daxili koordinasiyasının təmin edilməsi işində xüsusi rol oynayır. Qeyd edim ki, birlik bu yaxınlarda səkkiz əsas xarici siyasi qrupu özündə birləşdirən böyük bir koalisiyaya – “Əhvaz Təşkilatlarının Koordinasiya Şurası”na (Əl-Heyə ət-Tənsiqiyyə lil-Tənzimat əl-Əhvaziyyə) daxil olub”

Bəni-torof ABŞ-İran müharibəsi fonunda Əhvazdan əldə etdiyi son məlumatları belə şərh edir:  “Bu bölgə, İranın digər bölgələri kimi, hazırda müharibə şəraitindədir. Aldığım məlumatlara görə, son günlər Əhvaz şəhərində və digər bölgələrdə tayı görünməmiş dərəcədə ağır bombardmanlar baş verir. Biz daha dəqiq məlumatların gəlməsini gözləyirik. 

İndi şərait çox ağırdır; bahalıq, inflyasiya və mülki insanların qətlə yetirilməsi halları var. Təəssüf ki, ötən günlərdə İran dövlət mediası ABŞ və İsraillə əməkdaşlıq ittihamı ilə altı ərəb fəalın həbs olunduğunu elan etdi. Bu, dəhşətli bir xəbərdarlıqdır; rejim müharibə şəraitindən istifadə edərək siyasi və sivil fəalları daha geniş miqyasda həbs etmək və bəlkə də edam etmək istəyir. İnsanlar çox çətin vəziyyətdədir, bəziləri kəndlərə üz tutub, əksəriyyəti isə evində qalıb, çünki səkkiz illik İran-İraq müharibəsi təcrübələri var. Ona görə də hazırda bizim əsas ümidimiz odur ki, rejimə vurulan zərbələr onun daha da zəifləməsinə səbəb olsun. Yalnız bu halda bölgədəki müxtəlif milli və siyasi qüvvələr daxildə fəaliyyət göstərmək üçün nəfəs dərə bilərlər. Eyni zamanda ümid edirik ki, bu müharibə xalqların infrastrukturuna və mülki həyatına daha çox zərər vurmadan nəticələnər”.

Milli fəal İranın yeni Ali Dini Liderinin seçilmə prosesini və onun siyasi xəttini sərt tənqid edib: “Görünən odur ki, Müctəba Xamenei sağlam deyil. Salamat olsaydı, ən azı bir neçə dəqiqəlik videomüraciət edərdi. SEPAH-ın Xobreqan Məclisinə (Ekspertlər Şurası) onu seçməyi tövsiyə etdiyi deyilir, lakin bu seçimin legitimliyi həm xalq, həm də rejimin daxili elitası və müctəhidləri tərəfindən ciddi şübhə altındadır.

Laricani ailəsi kimi güc və rantiye qrupları hakimiyyəti ələ keçirmək üçün fürsət gözləyirlər. Lakin SEPAH hazırda bütün dəstəyini Müctəba Xameneiyə yönəldib. Mən Müctəbanın Məhəmməd bin Salman (Səudiyyə Ərəbistanı vəliəhdi) kimi bir islahatçı sima olacağını düşünmürəm. O, 2009-cu il seçki saxtakarlıqlarının və “Yaşıl Hərəkat”ın qanla yatırılmasının pərdəarxası əsas fiqurlarından biri olub. Belə bir xarakterin islah olunacağına inanmıram”.