İranda tənqidçilər üçün cəza – SİM kartlar bloklanır
29 Avqust 2026
İran hakimiyyəti tənqidçiləri və vətəndaş cəmiyyəti fəallarını cəzalandırmaq üçün yeni vasitə tapıb –SİM kartları bloklayır. Bu qadağa təkcə mobil rabitədən məhrum olmaq demək deyil.
İranda bank, dövlət, sığorta, məhkəmə və hətta təhsil xidmətlərindən istifadə mobil telefon nömrəsinə və SMS-lə göndərilən birdəfəlik kodlara bağlıdır. Bu səbəbdən şəxsin SİM kartının bloklanması onu bir sıra vacib xidmətlərdən və hüquqlardan faktiki məhrum edir.
Donya Rad adlı qadın deyir, bu yaxınlarda avtomobil sığortasını yeniləyə bilməyib. Yeni qaydaya görə, bundan ötrü dövlətin mənzil portalında yaşayış ünvanını qeydiyyatdan keçirmək tələb olunur. Bu zaman SMS-lə təsdiq kodu göndərilir. SİM kartı bloklandığı üçün Rad həmin kodu ala bilməyib.
Qadın bunu “hər hansı hüquqi ittiham irəli sürülməzdən əvvəl verilən cəza” adlandırıb.
Avtomobil ustası Məhsa Səfayi İnstaqram-da paylaşımlar edir. Üç il əvvəl videolarda baş örtüksüz, qısaqol geyimdə göründüyü üçün SİM kartı bloklanıb.
“Soruşursunuz ki, nəyi səhv etmişəm? Vicdanla zəhmət çəkib pul qazanmlşam. Artıq üç ildir”, - o, videoda deyir.
20 paylaşım tələbi
Konstitusiya hüququ professoru Əli Əkbər Qorci və jurnalist Səidə Şəfiyinin də SİM kartları xəbərdarlıqsız bloklanıb. Blokun ləğvi üçün müraciət edəndə onlardan sosial şəbəkələrdəki bəzi tənqidi paylaşımlarını silmək, İran İslam Respublikasını müdafiə edən 20 paylaşım etmək tələb olunub.
Bu üsul 2022-ci ildə “Qadın, Həyat, Azadlıq” hərəkatı zamanı tətbiq edilməyə başlayıb, 2025-ci ilin iyununda İsraillə 12 günlük müharibədən sonra geniş yayılıb.
İranın “Filterbaan” rəqəmsal hüquqlar təşkilatı SİM kartların bloklanmasını insanları müəyyənləşdirmək, onların imkanlarını məhdudlaşdırmaq vasitəsi adlandırır. Bu zaman məhkəmə çağırışları da insanlara gedib çatmır.
Tanınmış iranlı fotojurnalist Yəlda Moayeri belə bir halla üzləşib. Deyir, bir məsələ ilə bağlı məhkəməyə gedərkən təsadüfən öyrənib ki, işi üzrə məhkəmə iclası təyin olunub. Rəsmilər qiyabi hökm çıxarmazdan əvvəl özlərinin blokladığı telefon nömrəsi ilə onunla əlaqə saxlamağa çalışıblar.
Hüquqi tərəfi
Məsələnin hüquqi əsaslandırmasına gəlincə, hakimiyyət bəzən ölkənin Cinayət-Prosessual Məcəlləsinin 247-ci maddəsinə istinad edib. Həmin maddə şübhəli şəxs barəsində ölkədən çıxış və ya avtomobil idarə etmək qadağasının tətbiqinə imkan verir.
Ancaq fəallar və hüquqşünaslara görə, bu müddəanın şəxsin telefon nömrəsinə çıxışının kəsilməsinə əsas verib-verməməsi ilə bağlı suallar var. Xüsusilə də sıravi vətəndaşlara belə tədbirlər barədə öncədən xəbərdarlıq edilmir.
Niderlandda yaşayan iranlı hüquqşünas Hüseyn Əhmədiniyaz Radio Fərda-ya bildirib ki, İran məhkəmə sisteminin bununla bağlı “heç bir qanuni hüquqi əsası yoxdur”. Onun sözlərinə görə, bu qadağadan insanların azadlıqlarını məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə olunur, fundamental hüquqi prinsipləri pozur.
Əhmədiniyaz deyir, bu praktika insanları ədalətli məhkəmə araşdırması hüququndan məhrum edir, məhkəmə müstəqilliyinin olmadığını göstərir.
“İran İslam Respublikasında qanunun gerçək mənası ola bilməz”, – o deyib.