Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda etirazlar: İnsanlar bilirlər ki, bu hakimiyyətlə İranın gələcəyi yoxdur


İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri ölkədə Əxlaq polisinin ləğv ediləcəyini açıqladıqdan sonra etirazçıların nümayişlərə davam edib-etməyəcəyi maraq doğurur. BBC-yə danışan bəzi İran sakinləri hesab edirlər ki, artıq hicab azadlığı tələbi arxada qalıb, indi onları "rejim dəyişikliyi" düşündürür.





Əxlaq polisinin ləğvi təsdiq edilərsə, bu, güzəşt ola bilər, amma bunun hicablarını yandıran nümayişçilərin etirazlarını dayandırmaq üçün yetərli olacağına heç bir zəmanət yoxdur.





İki aydan çoxdur ki, İranda 22 yaşlı Məhsa Əmininin Əxlaq polisi idarəsində ölməsindən sonra ölkə boyu başlamış aksiyalar səngimir.





İranın Baş prokuroru bazar günü keçirilən dini konfransda bildirib ki, ölkədə islami geyim qaydalarının necə yerinə yetirildiyinə nəzarət edən Əxlaq polisi ləğv edilir.





"Əxlaq polisinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və harada açılıbsa, orada da bağlanıb", - cənab Montazeri tədbirdə Əxlaq polisinin ləğv edilib-edilmədiyi barədə verilən suala cavabında deyib.





Əxlaq polisinə Ədliyyə sistemi deyil, Daxili İşlər Nazirliyi nəzarət edir.





Məhəmməd Cəfər Montazeri, həmçinin İran parlamentində qadınların hicab taxmasını tələb edən qanuna baxılacağını deyib.




"Əlimizdə olan inqilabdır"




"Hökumətin Əxlaq polisini ləğv etmək qərarına gəlməsi etirazların sona çatması demək deyil", -deyə iranlı bir qadın BBC-yə bildirib.





"Hətta hökumətin hicabın şəxsi seçim olduğunu bildirməsi də kifayət deyil. İnsanlar bilirlər ki, bu hakimiyyətlə İranın gələcəyi yoxdur. Biz görürük ki, İranın müxtəlif təbəqələrindən olan, müasir və mühafizəkar insanlar qadınları dəstəkləməklə əslində özlərinin daha çox hüququnu geri almaq istəyirlər".





"Biz etirazçıları artıq hicab maraqlandırmır. Son 70 gündür ki, biz etirazlara hicabsız çıxırıq", -deyə başqa bir qadın bildirir.





"Əlimizdə olan yeganə şey inqilabdır. Hicab onun başlanğıcı idi və indi biz diktatora ölüm və rejim dəyişikliyindən başqa heç nə istəmirik".





CNN-nin məlumatına görə, İran dövlət mediası ölkənin Əxlaq polisinin ləğv olunması ilə bağlı açıqlamasını təkzib edib.





El-Aləm dövlət telekanalının verdiyi məlumata görə, xarici media cənab Montazerinin şərhlərini "İslam Respublikası hicab və əxlaq məsələsindən geri çəkilir" kimi şərh edir və "bunun son iğtişaşlar səbəbindən olduğunu iddia edir".





"Ancaq İranın heç bir rəsmisi Əxlaq polisinin ləğv olunduğunu deməyib", - telekanalın məlumatında deyilir.





ABŞ dövlət katibi Antony Blinken İranın Əxlaq polisinin ləğvinin "müsbət bir şey" ola biləcəyini bildirib və "bu etirazlara rəhbərlik edən iranlı gənclərin, xüsusilə də qadınların fövqəladə cəsarətini" tərifləyib.





"Əgər rejim indi məlum etirazlara hansısa formada cavab veribsə, bu, müsbət hal ola bilər",- deyə Blinken bildirib.





İranda 1979-cu il İslam İnqilabından bəri müxtəlif "əxlaq polisi" formaları var, lakin rəsmi olaraq Qəşt-e Ərşad kimi tanınan ən son versiya hazırda İranın islami davranış kodeksini tətbiq etmək vəzifəsi daşıyan əsas qurumdur.





Onlar öz vəzifələrinə - qadınlardan uzun paltar geyinməyi tələb etmək və həmçinin onlara şortik, yırtıq cins şalvar və ədəbsiz sayılan digər geyimləri qadağan etmək qaydalarını tətbiq etməyə- 2006-cı ildən başlayıblar.





İranda iki aydan çoxdur ki, kütləvi etirazlar davam edir.





Sentyabrın əvvəlində Əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin üç gün sonra müəmmalı şəkildə vəfat etməsi ölkənin etiraz dalğasına bürünməsinə səbəb olub.





İran hakimiyyəti bu etirazlara görə, "xarici qüvvələri" günahlandırıb və bildirib ki, etirazların qarşısı sərt şəkildə alınacaq.





Onun ölümü ölkədə etirazlara təkan vermiş oldu, lakin eyni zamanda bu etiraz dalğası yoxsulluq, işsizlik, bərabərsizlik, ədalətsizlik və korrupsiya ilə bağlı narazılıqdan da qaynaqlanır.