İran prezidentinin yeni administrasiyanın xarici siyasət prioritetləri haqqında açıqlaması
13 İyul 2024
Yeni administrasiyanın əsas xarici siyasət yanaşması yeni üfiqlərin açılması və digər hökumətlərlə dialoq, əməkdaşlıq, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli dostluq münasibətlərinin hərtərəfli genişləndirilməsi olacaq.
Bu barədə İranın yeni seçilən prezidenti Məsud Pezeşkian 40-dan çox ölkənin liderlərinin və rəsmi şəxslərinin telefon zənglərinə və təbrik teleqramlarına cavab olaraq bildirib.
Onun sözlərinə görə, İranın yeni administrasiyası qonşu ölkələr və region ölkələri ilə hərtərəfli münasibətlərin dərinləşdirilməsinə xüsusi diqqət yetirir.
"Biz bir ölkənin hegemonluğa və digərləri üzərində hökmranlığa can atdığı bir region deyil, güclü bir region qurulmasının tərəfdarı kimi çıxış edəcəyik. Qəti əminəm ki, qonşu və qardaş ölkələr dəyərli resurslarını dağıdıcı yarışlara, silahlanmaya və ya əsassız olaraq bir-birinin imkanlarını məhdudlaşdırmağa sərf etməməlidir. Bunun yerinə biz resurslarımızın hamının rifahı üçün regionun tərəqqisinə və inkişafına yönəldiləcəyi şərtlər yaratmağa çalışacağıq", deyə Məsud Pezeşkian öz müraciətində qeyd edib.
O, İranın iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarə münasibətlərin möhkəmləndirilməsi, birgə investisiyaların təşviqi, ortaq problemlərin həlli və dialoq, etimadın möhkəmlənməsi və inkişafı üçün regional əsasların yaradılmasına doğru irəliləyiş üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İraq, Bəhreyn, Qatar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və regional təşkilatlarla əməkdaşlığa ümid etdiyini vurğulayıb.