İran Pakistana yeni danışıqlar planı verib
02 May 2026
İran ABŞ ilə danışıqlarda vasitəçi rolunu oynayan Pakistana yeni danışıqlar təklifi təqdim edib.
IRNA dövlət xəbər agentliyinin məlumatına görə, İslam Respublikası son planının mətnini aprelin 30-u axşam saatlarında ötürüb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi televiziya müsahibəsində deyib ki, “müharibənin dayandırılması və davamlı sülh” ABŞ ilə istənilən təmasda Tehran üçün prioritet olaraq qalır.
XİN diplomatik səyləri davam etdirsə də, sərt xətt tərəfdarı ruhanilər və deputatlar əsas məsələlər, xüsusilə də Hörmüz boğazı məsələsində güzəştlərə açıq şəkildə qarşı çıxırlar. Deputat Mahmud Nəbəviyan bu su yolunu uranın zənginləşdirilməsi və zənginləşdirilmiş materialın ölkədən çıxarılması ilə yanaşı üç “qırmızı xətt”dən biri adlandırıb. Onun sözlərinə görə, bunlar heç bir razılaşmaya salınmamalıdır.
IRNA təklifin detallarını açıqlamayıb. “The Guardian” qəzeti yazıb ki, planın əsas məqsədi hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının yenidən açılmasıdır, İranın nüvə proqramı üzrə detallı danışıqlar isə daha sonrakı mərhələyə saxlanılır.
ABŞ prezidenti Donald Tramp İranın bundan əvvəlki təklifini rədd etmişdi. Həmin təklif hərbi əməliyyatları dayandırmağa və Hörmüz boğazını yenidən açmağa çağırır, ancaq bunları nüvə danışıqları ilə əlaqələndirmirdi. İran rəsmiləri daha sonra yenilənmiş mətn təqdim edəcəklərini bildirmişdilər.
Həftənin əvvəlində Tramp Tehrana “mümkün qədər tez ağıllanmağı” və razılaşma imzalamağı tövsiyə edib. ABŞ rəsmiləri bildiriblər ki, razılaşma əldə olunmasa, hərbi variantlar masadadır. İsrail də İranın nüvə proqramı nəzarətsiz qalarsa, zərbələri bərpa edəcəyini bildirib.