Logo
news content
User
Kateqoriyalar

İcmal

İran müharibəsinin 6 ayı, bundan sonrası 4 məsələdən asılıdır

Avqustun 28-də ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayan münaqişənin altı ayı tamam olub. Ötən yarım il enerji bazarlarını sarsıdıb, qlobal gəmiçiliyə ciddi təsir göstərib. İranın hərbi imkanlarına ciddi zərbə dəyib, amma Hörmüz boğazına təsir imkanlarını da qoruyub saxlayır.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun müsahibə aldığı ekspertlərin fikrincə, müharibənin sonrakı gedişatını dörd əsas məsələ müəyyən edə bilər: İran iqtisadi təzyiqə nə qədər davam gətirə bilər; hərbi uğurları diplomatiya sayəsində davamlı razılaşmaya çevrilə bilərmi; Hörmüz boğazında baş verənlər və nəhayət, Rusiya ilə Çin Tehrana hərbi imkanlarını bərpa etməkdə kömək edəcəkmi?

“İqtisadi hücum”

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş komandan müavini, istefada olan vitse-admiral Robert Harvord hazırkı durumu “sabit” sayır, amma Tehran üçün vaxtın daraldığını deyir.

Onun fikrincə, davamlı iqtisadi təzyiq sonda İran hakimiyyəti üçün daxili təhlükə yarada bilər.

İqtisadi məsələlər dekabr-yanvarda İranda kütləvi etirazlara səbəb olmuşdu. ABŞ maliyyə naziri Skot Bessent avqustun 24-də İrana “iqtisadi hücum” adlandırdığı yeni sanksiyaları açıqlayıb.

Harvord deyir, Tehran SEPAH-a, Bəsic qüvvələrinə, digər dövlət qurumlarına maaş verməkdə çətinlik çəkməyə başlayarsa, sıravi iranlılar yanacaq və digər zəruri məhsulların çatışmazlığı ilə üzləşərsə, iqtisadi təzyiq hakimiyyət üçün daxili təhlükəyə çevrilə bilər.

Bu proqnozların mərkəzində Çin dayanır.

Demokratiyaların Müdafiəsi Fondunun İqtisadi və Maliyyə Gücü Mərkəzinin rəhbəri Eleyn Dezenskinin fikrincə, Çinlə İran arasında iqtisadi münasibətlər əhəmiyyətlidir, amma ənənəvi müttəfiqlik deyil. Belə ki, İranın ixrac etdiyi neftin təxminən 80 faizi Çinə gedir. Bununla belə, İran nefti Çinin ümumi xam neft idxalının cəmi 12-13 faizini təşkil edir.

“Çin İran neftinin alışını dayandırsa... bunun çox böyük təsiri olar”, – Dezenski bildirib.

İndiyədək Pekin Tehranla ticarət əlaqələrinə görə ABŞ-nin təzyiqinə müqavimət göstərib.

Diplomatiya?

ABŞ dövlət katibi Marko Rubio iyunda demişdi ki, İranın müdafiə-sənaye bazası “kütləvi dağıdılıb”, imkanlarının 80-90 faizini itirib. Prezident Donald Tramp əvvəlcə İranın raket və buraxılış qurğularının 90 faizinin sıradan çıxarıldığını deyib, sonradan bu göstəricini 82 faizə salıb. O, dəfələrlə İranın hərbi-dəniz qüvvələrinin məhv edildiyini də söyləyib.

Amma İranın əlində qalan imkanlar Hörmüz boğazından gəmilərin hərəkətini önləməyə yetir.

Demokratiyaların Müdafiəsi Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin baş direktoru Bredli Boumanın sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə döyüş uğurlarını davamlı və müsbət siyasi nəticələrə çevirməkdə çətinlik çəkib: “Biz çox vaxt döyüş meydanında qalib gəlirik, danışıqlar masasında isə uduzuruq”.

Onun sözlərinə görə, İranda davamlı siyasi dəyişiklik ilk növbədə iranlılardan qətiyyətli addımlar tələb edəcək. Bouman bildirib ki, müharibə ABŞ-nin böyük həcmdə silah-sursat sərf etdiyini göstərib.

İrandan isə ziddiyyətli siqnallar gəlir.

SEPAH daxil bəzi qüvvələr ABŞ-də noyabr aralıq seçkilərindən əvvəl danışıqları sürətləndirməyə tələsmir. Dini hakimiyyət təmsilçiləri isə iqtisadi çətinliklərdən, diplomatiyanın bərpasının vacibliyindən də danışırlar.

Son altı ayın ən mühüm nəticələrindən biri Hörmüz boğazının İranın əlində qalan əsas alver predmetinə çevrilməsidir. Bunu isə Milli Müdafiə Universitetinin Yaxın Şərq və Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzindən Qavdat Bahqat deyib:

“Hətta müvəqqəti razılaşma imzalansa belə, bu, müvəqqəti olacaq. Gələcəkdə onlar yenə də boğazı bağlamaqla hədələyəcəklər”.

Rusiya və Çindən İrana yardım

İranın xarici tərəfdaşlarının ona hərbi imkanlarını bərpa etməkdə kömək edib-etməyəcəyi də vacib məsələdir.

Bouman deyir, Moskva İrana Su-35 qırıcılarının verilməsini nəzərdən keçirir. Pekin isə ikili təyinatlı materiallardan hazır silah və sursat göndərilməsinə keçə bilər.

Təhlilçinin fikrincə, bu yardımın gələcəyi Pekin və Moskvanın ABŞ-nin mümkün reaksiyasını necə qiymətləndirməsindən xeyli asılı olacaq.

“Çinin ən çox qorxduğu məsələ ABŞ-nin ikinci dərəcəli sanksiyalarıdır”, – Bouman bildirib.

ABŞ-nin son addımları belə sanksiyaların mümkünlüyünə işarə edib. Ancaq bu halda Çin cavab tədbirləri görə bilər, Vaşinqtonun isə bu cür təzyiqi nə dərəcədə artırmağa hazır olduğu aydın deyil.