Logo
news content
User
Kateqoriyalar

Xəbər

İqbal Ağazadədən MSK-ya müraciət: "Qanunsuzluq dərhal aradan qaldırılmalıdır"

Ümid Partiyasının sədri İqbal Ağazadə seçki prosesi zamanıı yol verilən nöqsanla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Ağazadə qeyd edir ki, MSK-nın saytında bəzi namizədlərlə bağlı yanlış məlumatlar daxil edilib.

Müraciətdə deyilir:

"1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının saytında namizədlərlə bağlı məlumatlar daxil edilib.

Namizədlərin "iş yeri" bölməsində 6-cı çağırış Milli Məclisin deputatı olmuş şəxslərin iş yeri kimi "Milli Məclisin deputatı" qeyd olunub.

Hörmətli MSK üzvləri!

6-cı çağırış Milli Məclisin deputatları özlərini buraxıblar, yəni Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 5-ci bəndinə görə mandatdan imtina ediblər. Bununla da, deputat səlahiyyətlərini itiriblər.

Səlahiyyətlərini itirmiş şəxslər necə deputat kimi qeyd oluna bilərlər?

Bu namizədlərin seçici qarşısında səlahiyyətli qurum vasitəsilə üstünlüyünün tanınması deyilmi?

Bu qanunsuzluq dərhal aradan qaldırılmalıdır.

Qeyd: 87-ci maddənin 1 bəndində qeyd olunan "Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir" norması seçkilər vaxtında keçiriləndə, parlament buraxılmayanda qüvvədə olur.

İndi Azərbaycanda deputat yoxdur, Milli Məclis fəaliyyət göstərmir. Prezident parlamenti buraxıb.

Bir anlıq düşünün: Parlamentlə Prezident arasında konflikt var, parlament buraxılandan sonra deputatlar yığışıb, Prezidentə impiçment tətbiq edir. Sizcə qanun belə xaos yarada bilər?

Parlament buraxılıbsa, onun üzvləri səlahiyyətlərini itiriblər və onlar heç bir yerdə deputat kimi yazıla bilməzlər".