Logo
news content
User
Kateqoriyalar

Xəbər

İnsan Hüquqları Günündə məyusluq
4 səfirin birgə bəyanatına XİN sərt etiraz bildirdi

Dekabrın 4-də Avropa İttifaqı, Böyük Britaniya və İsveçrənin Bakıdakı səfirlikləri Bakıda qarşıdan gələn Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı “Landmark” Biznes Mərkəzində Azərbaycanın hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri, hüquqşünaslar və ictimai fəalların iştirakı ilə qəbul təşkil etmişdilər. Tədbir haqda bir qədər sonra...

İndi Bakıda hətta xarici səfirliklərin də “hökumətin xoşuna gəlməyən” tədbirlər keçirə biləcəkləri yerlər məhduddur. Bakının mərkəzində (Nizami küçəsi 90A) yerləşən dəbdəbəli “Landmark” isə səfirliklərin, xarici şirkətlərin, BBC Azərbaycan Xidmətinin yerləşdiyi məkandır. Mərkəzin 21-ci mərtəbəsində yerləşən salonda vaxtaşırı qəbullar, ziyafətlər təşkil olunur. 

Yerli media hələ bir neçə ay əvvəl yazmışdı ki, “Landmark” Biznes Mərkəzinin sahibi kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varisləri ölkədən gedib. Müdüroğlu ailəsinin gəlini olan Nərgiz Nəsrullayeva həyat yoldaşı ilə birlikdə Böyük Britaniyada qalmağa qərar verib. Səbəb ailənin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub. N.Nəsrullayeva 1996-2001-ci illərdə Azərbaycanın iqtisadiyyat naziri olmuş (2003-cü ildə vəfat edib) Namiq Nəsrullayevin qızıdır. O, ölkəni tərk edənə qədər Dövlət Neft Fondu icraçı direktorunun müşaviri vəzifəsində çalışıb. Nərgiz xanım Eran Müdüroğlunun həyat yoldaşı və ailənin ölkəmizdəki biznesinin qanuni təmsilçisidir.

Bu günlərdə yerli media “Landmark” Biznes Mərkəzinin dekabrın 22-də, saat 18:41-də hərraca çıxarılacağı haqda məlumat yayıb. Ümumi sahəsi 32 653,75 m (2) təşkil edən hərracda iştirak haqqı 15 manat, beh məbləği isə 6 milyon manat müəyyən edilib. Ən əsası, qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manatdır...

***

Tədbir vaxtında başlamışdı, səfirlər, diplomatik korpusdan dəvət olunmuş diplomatlar, azərbaycanlı jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri, hüquq müdafiəçiləri öz yerlərini tutmuşdular. Siyasi partiyalar təbirə dəvətli deyildi, insan haqlarının tanınmış müdafiəçiləri isə gözə dəymirdi. Məlum oldu ki, onlar tədbirin başladığı dəqiqələrdə məhkəmə prosesi keçirilən “Müdafiə xətti” hüquq-müdafiə təşkilatının rəhbəri Rüfət Səfərovun məhkəməsindədirlər. Səfərov polis tərəfindən bir gün əvvəl saxlanılmışdı və ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Təqsirli bilinərsə, onu 10 ilə qədər həbs gözləyir. Az sonra məlum oldu ki, məhkəmədə ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (zor tətbiq etmə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. Məhkəmə Rüfət Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu xəbər onsuz da pəjmürdə görünən tədbir iştirakçılarının məyusluğunu daha da artırdı... Mikrofonlar işə düşdü və səfirlər növbə ilə çıxış etməyə başladılar. 

Avropa İttifaqı (Aİ), Böyük Britaniya, İsveçrə və ABŞ səfirləri insan hüquqlarının təmin edilməsinin böyük əhəmiyyətini və hüquq müdafiəçilərinin rolunu qeyd edib, Azərbaycanda insan haqları ilə bağlı “dəhşətli” vəziyyətdən təəssüfləndilər. “COP29 iqlim konfransı ilə bağlı gözləntilərə baxmayaraq, vəziyyətin pisləşməkdə davam etdiyi” qeyd olundu.

“Jurnalistləri və ictimai fəalları azad etmək üçün bütün səylərə və beynəlxalq kampaniyaya baxmayaraq, onlar hələ də həbsdədirlər. Biz bir daha hakimiyyəti öz fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilənlərin hamısını azad etməyə çağırırıq”, - Aİ-nin Azərbaycandakı səfiri Peter Mihalko çıxışında deyib.

Hakimiyyət orqanlarının addımları nəticəsində bugünkü tədbirdə iştirak edə bilməyənlərin sayı artıb, - deyən Mixalko onların adlarını çəkib: Anar Məmmədli, İmran Əliyev, Bəhruz Səmədov, Abzas Media jurnalistləri - Nərgiz Absalamova, Elnarə Qasımova, fəal İlhamiz Quliyev, Kanal 13-ün rəhbəri Əziz Orucov və Şamo Eminov, Toplum TV-dən Müşfiq Cabbar.

Səfir vurğuladı ki, hüquq müdafiəçisi Rüfət Səfərovun İnsan Hüquqları Günü ərəfəsində həbs edilməsi xüsusi narahatlıq doğurur. O, sonda bildirib ki, Aİ bu halları izləməyə davam edəcək və Azərbaycan hakimiyyəti ilə dialoqda bu məsələləri qaldıracaq.

İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştelin də çıxışında Azərbaycanda insan haqlarının çətin vəziyyətinə toxunub. “Təəssüf ki, son görüşümüzdən sonra söz və mətbuat azadlığı ilə bağlı vəziyyət daha da pisləşib” deyən diplomat, həbsə düşən Abzas Media əməkdaşlarının adlarını çəkdi: Ülvi Həsənli, Sevinc Vaqif qızı, Məhəmməd Kekalov, Ələsgər Məmmədli və Anar Məmmədli. 

Böyük Britaniya səfiri Ferqus Old fundamental insan hüquqları və fərdi məsələlərlə bağlı Azərbaycan hakimiyyəti ilə daimi təmaslardan danışıb.

"Təəssüf ki, son bir ildə vəziyyət yaxşılaşmayıb, bəzi sahələrdə daha da pisləşib. Bir il əvvəl eyni tədbirdə bizimlə olan partnyorlarımız indi həbsdədirlər: Ələsgər Məmmədli, Rüfət Səfərov, Ülvi Həsənli, Hafiz Babalı, Nazim Bəydəmirli, İqbal Əbilov, Emin İbrahimov və İlkin Əmrahov”, - diplomat bildirib. O, əlavə edib ki, hazırda iqtisadçı ekspert Qubad İbadoğlunun müalicə üçün ölkəni tərk edə bilməsi üçün cinayət işinə xitam verilməsi ilə bağlı rəsmi qurumlarla danışıqlar aparılır.

Diplomat həmçinin Azərbaycanda LGBT icması ilə bağlı vəziyyətin pisləşməsini, azlıqlara qarşı ayrı-seçkiliyi və gender zorakılığı faktların artmasını qeyd edib.

Bir neçə gün əvvəl səhhəti ilə bağlı vəzifəsindən istefa verdiyini elan etmiş ABŞ səfiri Mark Libbinin çıxışı isə daha sərt notlarla yadda qaldı. Səfir təəssüflə qeyd etdi ki, insan hüquqları və söz azadlığı uğrunda mübarizə aparanların bir çoxu bugünkü tədbirdə iştirak edə bilmir: Fərid Mehralızadə, Tofiq Yaqublu, Bəxtiyar Hacıyev, Afiyəddin Məmmədov, Akif Qurbanov, Ruslan İzzətli. Səfir onları “öz vətənlərində insan hüquqları uğrunda mübarizə aparan gözəl insanlar” adlandırıb.

“Mən Azərbaycan hakimiyyətini haqsız yerə həbs edilənləri azad etməyə və insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıram”, - diplomat vurğulayıb.

Sonda dörd ölkənin səfirləri Azərbaycanda azadlıq uğrunda mübarizə aparan bütün ictimai fəalları və jurnalistləri təbrik edərək, onların qəhrəmanlıq fəaliyyətini xüsusi vurğulayıblar. 

Daha sonra səfirlər səhnəyə çıxıb birgə foto çəkdirdilər və tədbir iştirakçılarını onlarla birgə xatirə fotosu çəkdirməyə dəvət etdilər. Amma salondan bir neçə nəfər istisna olmaqla səfirlərin yanına gedən olmadı. Bu tərəddüd onların da diqqətindən yayınmadı.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq, səfirlərin yuxarıda qeyd olunan bəyanatını sərt dillə qınayıb. “Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd edirik”, - nazirliyin bəyanatında qeyd olunur.

“Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. İstintaqın gedişinə müdaxilə yolverilməzdir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”, – bəyanatda bildirilir.

Turqut