İndoneziyada daşqınlar 303, Şri-Lankada "Ditva" siklonu 153 nəfərin ölümünə səbəb olub
30 Noyabr 2025
İndoneziyanın qərbindəki Şimali Sumatra əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb.
“Ynet” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Agentliyi bildirib.
Daha əvvəl 248 nəfərin həlak olması, 100-dən çox insanın itkin düşməsi haqqında məlumat verilmişdi.
Musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində çaylar məcrasından çıxıb, minlərlə ev və binaya ziyan dəyib. Təxminən 3 min ailə təxliyə edilib.
Şri-Lankada isə "Ditva" siklonunun yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində həlak olanların sayı 153 nəfərə çatıb.
Bildirilib ki, daha 191 nəfər itkin düşmüş sayılır, ölkə üzrə yarım milyondan çox insan zərər çəkib, 78 min nəfərdən çox insan evlərini tərk etməyə məcbur olub. Onların yerləşdirilməsi üçün əsasən məktəblərdə 800 yardım mərkəzi təşkil edilib.
Malvane və Kolombo yaxınlığındakı aşağı ərazilərdə daşqın nəticəsində evlərin əksəriyyəti su altında qalıb və elektrik enerjisiz qalıb.
Sinoptiklər həftəsonu yağışların davam edəcəyini proqnozlaşdırır ki, bu da artıq daşqından zərər çəkmiş bölgələrin yenidən su altında qalacağı ilə bağlı narahatlıq doğurur.