Logo
news content
User
Kateqoriyalar

Xəbər

İndoneziya çempionatında faciə: 174 nəfər öldü - VİDEO

Futbol üzrə İndoneziya çempionatının 11-ci turu çərçivəsində Malanqdakı Kanjuruhan stadionunda keçirilən "Arema" - Persebaya" oyunu (2:3) faciə ilə başa çatıb.

Oyundan sonra baş verən iğtişaşlar 174 nəfərin həyatına son qoyub.

Komandalar arasındakı matç yerli derbi hesab olunduğu üçün stadion azarkeşlərlə dolu olub. Final fitindən sonra "Arema" azarkeşlərinin davranışı iğtişaşlara çevrilib və təhlükəsizlik xidməti futbolçuları meydandan kənarlaşdırıb. Daha sonra azarkeşlər meydançaya çıxıb və onlarla polis arasında atışma olub. Qəzəblənən azarkeşlər təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar tullamağa başlayıblar və polislər buna cavab olaraq dəyənəklərdən və gözyaşardıcı qaz qumbaralarından istifadə ediblər.

Bu, çaxnaşmaya səbəb olub. Çox sayda fanat meydana daxil olub və bu da izdiham yaradıb. Çoxlu azarkeş yıxılaraq kütlənin ayaqları altında qalıb.

Polisin gözyaşardıcı qazdan istifadə etməsindən sonra azarkeşlərin nəfəs almasında problem yaranıb, onlar huşlarını itirərək qazona yıxılıblar. Polisin məlumatına görə, stadionda izdiham zamanı 34 nəfər ölüb, digər zərərçəkənlər isə xəstəxanada dünyasını dəyişib. Ölənlər arasında iki polis də var.

İnsidentdən sonra İndoneziya Futbol Federasiyası matçları bir həftəlik dayandırıb, həmçinin "Arema"ya mövsümün sonuna qədər öz stadionunda oyun keçirməyi qadağan edib.

https://www.youtube.com/watch?v=vxlCmZS2SGw&t=651s