Logo
news content
User
Kateqoriyalar

Xəbər

İndoneziya aprelin əvvəlində Qəzzaya min əsgər göndərməyə hazır olacaq

İndoneziya aprelin əvvəlində Qəzzada mümkün sülhməramlı qüvvəsinin tərkibi üçün min hərbçi hazırlayır. Bunu fevralın 16-da ordunun sözçüsü bildirib.

Sözçü Donni Pramononun dediyinə görə, hərbçi göndərməklə bağlı yekun qərarı İndoneziya prezidenti Prabovo Subianto verəcək. Onun sözlərinə görə, iyunadək Qəzzaya göndərilməyə toplam 8 min əsgər hazır olacaq.

Prezident Prabovo bu həftə ABŞ prezidenti Donald Trampın sədrliyi ilə Sülh Şurasının ilk rəsmi iclasına qatılacaq.

Şuranın yaradılması Tramp administrasiyasının Qəzzada sülh planının bir hissəsidir, məqsəd İsrail ilə HƏMAS qruplaşmasının apardığı müharibəni dayandırmaqdır. Sülh Şurasının yaradılmasını BMT-nin Təhlükəsizlik Şurası qətnaməsi ilə təsdiqləyib. ABŞ və Aİ HƏMAS-ı terrorçu kimi tanıyıb.

İndoneziya Xarici İşlər Nazirliyi (XİN) fevralın 14-də bildirib ki, ölkə hərbçilərinin Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvəsində iştirakı heç bir tərəflə siyasi münasibətlərin normallaşdırılması kimi yozulmamalıdır.

Cakarta İsraili tanımır və onunla diplomatik münasibətlərə malik deyil.