
İlham Rəhimov: "Qəti şəkildə pisləyirik..."
29 İyun 2025
Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən insidentlə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.
Professor İlham Rəhimov bildirib ki, rəhbərlik etdiyi təşkilat Yekaterinburqda Rusiya vətəndaşı olan soydaşlarımıza qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bu əməli törətmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
İlham Rəhimov qeyd edib ki, hadisə barədə məlumat aldıqdan dərhal sonra Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski ilə dəfələrlə əlaqə saxlayaraq ətraflı informasiya alıb və gələcəkdə atılacaq addımlar barədə məsləhətləşmələr aparıb.
Professor vurğulayıb ki, baş verən olayın obyektiv və hərtərəfli araşdırılması üçün Rusiya hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcək. O, bu məsələdə özünün həm nüfuzundan, həm də mövcud imkanlarından tam istifadə edəcəyini bəyan edib.
Eyni zamanda, İlham Rəhimov hadisənin həssas məqamlarını nəzərə almağın vacibliyini vurğulayaraq, Rusiya cəmiyyətində azərbaycanlıların mövqelərinin güclənməsindən narahat olan dairələrin maraqlarına xidmət edə biləcək emosional addımlardan çəkinməyə çağırıb.
“Məsələnin tam və obyektiv araşdırılmasını gözləmək və emosional davranışlardan yayınmaq zəruridir. Azərbaycanlıların Rusiya cəmiyyətindəki mövqelərinə zərər verə biləcək addımlar bizim əleyhimizə çalışan dairələrin işinə yaraya bilər,”- deyə professor İlham Rəhimov bildirib.
Turqut