İlham Əliyevlə Corci Meloni Bakı və Roma arasında strateji münasibətləri müzakirə ediblər
06 Sentyabr 2024
Azərbaycan prezidenti İlham Əliyev və İtaliya hökumətinin başçısı Çorci Meloninin görüşü iki ölkə arasında tərəfdaşlığın strateji xarakterini təsdiq edib. Bu barədə Meloni X sosial platformasında yazıb.
Onun sözlərinə görə, tərəflər "enerji sektorundan başlayaraq, maraq kəsb edən bütün sahələrdə, o cümlədən noyabrda Bakıda keçiriləcək növbəti COP29-da (iqlim konfransı) Azərbaycanın sədrliyi fonunda əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını" bildiriblər.
"Mən həmçinin İtaliyanın Qafqaz regionunda sabitliyə və çiçəklənməyə tərəfdar olduğunu və möhkəm sülhə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstəyini təsdiqləmək istərdim. Avropa İttifaqının rolunun bu prosesin ayrılmaz hissəsi olduğunu vurğulamaq istərdim", - Meloni davam edib.
Onun fikrincə, Avropa İttifaqı ilə əməkdaşlıq bütün region üçün yeni imkanlar aça bilər.
“Eyni zamanda görüş beynəlxalq gündəmin əsas mövzularının dərin müzakirəsinə və Mattei Planı çərçivəsində ümumi sinerjinin yoxlanılmasına imkan verib. Görüşün yekunlarına əsasən, ENİ və SOCAR enerji təhlükəsizliyi, istixana qazı tullantılarının azaldılması və bioyanacaq istehsalı zənciri sahələrində üç anlaşma memorandumu imzalayıblar", - Meloni qeyd edib.
Mattei Planı İtaliyanın Afrika ölkələrinə yardım proqramını nəzərdə tutur.
Plan 1950-ci illərdə İtaliyanın iqtisadi inkişafda və təbii resursların mənimsənilməsində Şimali Afrika hökumətlərini dəstəkləməsini müdafiə edən Enrico Matteinin (Eninin qurucusu) şərəfinə adlandırılıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İtaliyanın Eni S. P. A şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə də görüşüb.
Əliyev və Meloninin iştirakı ilə üç sənəd imzalanıb:
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İtaliya Respublikasının Eni S. P. A şirkəti arasında bioyanacaq və bioxammal sahəsində qarşılıqlı anlaşma memorandumu";
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İtaliya Respublikasının Eni S. P. A şirkəti arasında enerji təchizatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu";
"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İtaliya Respublikasının Eni S. P. A şirkəti arasında enerji keçidi və istixana qazı tullantılarının azaldılması sahəsində qarşılıqlı anlaşma Memorandumu".
Qeyd edək ki, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə Romadan Milana gedib. Sosial şəbəkələrdə İlham Əliyevin Komo gölü yaxınlığında videogörüntüləri yayılıb.