Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyevin üç rayona xüsusi nümayəndə təyin etdiyi Vahid Hacıyev kimdir? - DOSYE

Prezidentİlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Eyni zamanda, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 may tarixli 3236 nömrəli Sərəncamı ləğv edilib.

Bununla bağlı dövlət başçısı müvafiq sərəncam imzalayıb.

İlham Əliyevin Prezidentinin xüsusi nümayəndəsi təyin etdiyi Vahid Hacıyevin dosyesini təqdim edirik.

V.Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsillərini alıb.

2017-2019-cu illərdə Varvik Universitetinin Varvik biznes məktəbində biznes idarəçiliyi üzrə magistr təhsili alıb.

Vahid Hacıyev daha əvvəl neft sektorunda fəaliyyət göstərib.

O, 13 il “bp Azərbaycan” şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.

V.Hacıyev ticarət əməliyyatları kəşfiyyatı üzrə biznes-menecer, daha əvvəl isə aparat rəhbəri olub.

Daha sonra “Agro Dairy” MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub.

V.Hacıyev bu təyinata qədər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olub.