Logo
news content
User
Kateqoriyalar

Xəbər

İkinci Qarabağ müharibəsi: atəşkəsin pozulması halları - XRONOLOGİYA

İki il əvvəl sentyabrın 27-də başlayan və 44 davam edən İkinci Qarabağ müharibəsinə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannamə son qoyub.

Lakin müharibə başa çatsa da, hərbi qarşıdurma barədə xəbərlərin arası kəsilmir.





BBC News Azərbaycanca 9 noyabrdan bəri irimiqyaslı döyüşlər və ya itkilərlə müşayiət olunan atəşkəsin pozulması hallarına nəzər salıb.





28 sentyabr 2022-ci il




Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonundakı mövqelərinin atəşə tutulması nəticəsində bir hərbi qulluqçunun yaralandığını açıqlayıb.




Öz növbəsində, Ermənistan Cermuk istiqamətindəki mövqelərinin atəşə tutulduğunu və 3 nəfərin ölümcül qəlpə yarasından həlak olduğunu bildirib.





Hər iki tərəf atəşkəsin pozulmasına görə bir-birini ittiham edir.





23 sentyabr 2022-ci il




Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin qarşı tərəfindən açılan atəş nəticəsində üç hərbi qulluqçunun yaralandığını açıqlayıb.





Ermənistan Azərbaycan bölmələrinin atəşinə cavab verdiyini, itkilərin olmadığını bildirib.





21 sentyabr 2022-ci il




Ermənistan axşam çağlarında sərhədin şərq istiqamətindəki mövqelərinin atəşə tutulması nəticəsində bir nəfərin yaralandığını bildirib.





Azərbaycan qarşı tərəfin təxribatına cavab verməli olduğunu deyib.





12-14 sentyabr 2022-ci il




İkinci Qarabağ müharibəsindən sonra ən şiddətli qarşıdurma sentyabrın 12-dən 13-nə keçən gecə başlayıb.





Ermənistanın Baş naziri mülkilər də daxil, 210-dan çox insanın öldüyünü və ya itkin düşdüyünü bildirib.





Azərbaycan 80 nəfərin həlak olduğunu bildirir. Hər iki tərəfdən çox sayda yaralılar var.





5 sentyabr 2022-ci il




Ermənistan Azərbaycanla sərhədinin şərq hissəsində qarşı tərəfin atəşilə bir erməni əsgərinin öldüyünü açıqlayıb.





Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı "qəti surətdə" təkzib edib.





1-3 avqust 2022-ci il




Azərbaycan Rusiya sülhməramlı kontingentinin "müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin" atəşi nəticəsində bir əsgərin həlak olduğunu bildirib.





Separatçı "DQR-in Müdafiə ordusu" 2 nəfərin həlak olduğunu 19 hərbçinin yaralandığını bildirib.





Rusiya Müdafiə Nazirliyi 2 avqustda yaydığı bəyanatda atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edib.





24-25 mart 2022-ci il




Ermənistan mediası martın 24-dən Əsgəran rayonu, Parux kəndi (Xocalı rayonu, Fərrux kəndi -red.) yaxınlığında Azərbaycan hərbçiləri ilə Qarabağdakı silahlı qruplaşmalar arasında gərginliyin olduğunu xəbər verib.





Vəziyyətlə bağlı Rusiya sülhməramlılarına müraciət edən erməni tərəfi Qarabağda 3 hərbçinin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.





Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, onun bölmələri "dislokasiya məntəqələri" yerlərinin dəqiqləşdirilməsini davam etdirir və bu zaman "güc tətbiq" edilməyib.





Azərbaycan həmçinin heç bir itkisinin olmadığını bildirib.









Azərbaycan Ermənistan Dağlıq Qarabağda gərginlik Fərrux kəndi Parrux kəndi Xocalı Əsgəran Azərbaycan hərbçiləri Ermənistan silahlıları








11-12 yanvar 2022-ci il




Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Tovuz istiqamətində atışmalarda Azərbaycan bir, Ermənistan üç hərbçisinin həlak olduğunu bildirib.





8-10 dekabr 2021-ci il




Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonundakı Zəylik yaşayış məntəqəsindəki mövqelərinin atəşə tutulması nəticəsində bir əsgərin həlak olduğunu bildirib. Dekabrın 10-da Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin atəşi nəticəsində 1 hərbçinin həlak olduğunu, və bir neçə nəfərin yaralandığını bildirib.





22 noyabr 2021-ci il




Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Geğarqunik bölgəsini atəşə tutması nəticəsində bir erməni hərbçisi ölüb, Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.





Azərbaycan həmin istiqamətdə atəş açdığı barədə məlumatları təkzib edib.





14 oktyabr 2021-ci il




Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı "qanunsuz erməni silahlı" dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.





16 avqust 2021-ci il




Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan hərbçiləri ilə atışma nəticəsində iki erməni hərbçinin həlak olduğunu bildirib.





Azərbaycan atışma və özünün itki verdiyi barədə məlumatı təkzib edib.









Azərbaycan və Ermənistan bayraqları








6 İyul 2021-ci il




Azərbaycan Müdafiə Nazirliyi Ağdamdakı Əliağalı kəndi istiqamətində yerləşən bölmələrin atəşə tutulması nəticəsində bir hərbçinin yaralandığını bildirib.





28 may 2021-ci il




Azərbaycan Naxçıvanın Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığındakı mövqelərə atəş nəticəsində bir hərbi qulluqçunun yaralandığını bildirib.





27 may 2021-ci il




Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu ərazisindəki sərhəddə yerləşən mövqelərinə aparan yolda "minalama fəaliyyəti həyata" keçirən Ermənistanın 6 hərbçisini "əsir götürüb".





Azərbaycan XİN bildirib ki, Ermənistan hərbi kəşfiyyat qrupu "Azərbaycan ərazisinə" keçərək diversiya cəhdi edib. Ermənistan əsgərlərin xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman "oğurlandığını" bildirib.





25 may 2021-ci il




Ermənistan qarşı tərəfdən açılan atəş nəticəsində Geğarkunik rayonunda bir hərbçinin həlak olduğunu bildirib. Azərbaycan atəş açmadığını deyib.





12 may 2021-ci il




Müharibədən sonra Azərbaycan-Ermənistan sərhədindəki ilk irimiqyaslı gərginlik Qaragöl (Sevliç) ətrafında yaranıb. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.









2px presentational grey line






İkinci Qarabağ müharibəsindən sonra baş verən itkilərin ümumi sayında mina partlayışları ilə bağlı statistika nəzərə alınmır. Azərbaycan son iki ildə belə partlayışlar nəticəsində 240-dan çox insanın ya həlak olduğunu, ya da ağır yaralandığını bildirib.









Əsgər








Bu məqalədə toplanan məlumatlar media ilə rəsmi qurumların xəbərlərinə əsaslanır və hadisələrin tam dolğungünbəgün inkişafını əks etdirməyə bilər.