Husilərin "Məkkə alyansı"nı sınağa çəkməsi
09 Oktyabr 2026
İki ay öncə Səudiyyə Ərəbistanı Pakistan və Türkiyə ilə birgə müdafiə sazişi imzaladı. Yəməndə İranın dəstəklədiyi husi üsyançılarının hücumları indi sazişi sınağa çəkir. "Məkkə Paktı"na görə, üç dövlətdən hər hansı birinə edilən silahlı hücum onların hamısına qarşı hücum sayılır.
Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında döyüşlər qızışıb. Ekspertlər bildirirlər ki, Pakistan və Türkiyə Səudiyyə Ərəbistanına dəstək məqsədilə fəal hərbi müdaxilə edərsə, bu, ABŞ-İran münaqişəsi fonunda regional gərginliyi artıra bilər.
Yaxın Şərq üzrə təhlilçi Əli Sədrzadə AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə müsahibəsində deyib: "Türkiyə və Pakistanın müharibəyə qoşulması vəziyyəti son dərəcə mürəkkəbləşdirər".
Oktyabrın 5-də üç ölkə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təcili görüş keçirib. Həmin gün Yəmən hökumət qüvvələri Babül-Məndəb boğazına faktiki nəzarəti ələ keçirdiklərini açıqlayıblar. Husilər bu iddianı rədd ediblər.
Husilər ötən ay Qırmızı dəniz sahilindəki Moxa liman şəhərini və boğaz ətrafındakı digər strateji əraziləri ələ keçiriblər. Onlar xəbərdarlıq ediblər ki, Səudiyyə Ərəbistanının hava məkanı "silahlı qüvvələrimizin əməliyyat meydanına çevriləcək".
Yəməndə son döyüşlər təxminən 184 min insanı ev-eşiyindən didərgin salıb.
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Sultan sosial şəbəkədə yazıb ki, üç ölkə "hücumlara və onlara görə məsuliyyət daşıyanların hamısına cavab olaraq" alyans çərçivəsində kollektiv çəkindirmə tədbirlərini işə salmağa razılaşıb.
Qaynayan münaqişə
Səudiyyə Ərəbistanı ilə husilər arasında qarşıdurmanın çoxillik tarixi var.
Husi üsyançıları paytaxt Sənanı ələ keçirib beynəlxalq səviyyədə tanınan hökuməti ölkədən qaçmağa məcbur etdikdən sonra Səudiyyə Ərəbistanı 2015-ci ilin martında Yəmənə hərbi müdaxiləyə başlayıb. Bu münaqişə Səudiyyə ilə İran arasındakı qlobal rəqabətin bir hissəsi hesab olunur, çünki hər iki ölkə qarşı tərəfləri dəstəkləyir. BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə atəşkəs əldə olunsa da, münaqişə tam həllini tapmayıb və bu il yenidən alovlanıb.
Ekspertlər deyirlər ki, "Məkkə alyansı"nın Səudiyyə Ərəbistanına açıq hərbi dəstək verməsi regionda daha böyük bir qarşıdurmaya yol aça bilər.
Sədrzadənin sözlərinə görə, Səudiyyə Ərəbistanında təxminən 30-40 min Pakistan hərbçisinin yerləşdiyi güman edilsə də, nüvə silahına malik bu ölkənin Yəmənə qüvvə göndərməsi real görünmür. Çünki İslamabad İran İslam Respublikası ilə münasibətlərini qorumağa çalışır.
Təcili Ər-Riyad görüşündən cəmi bir gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Yəmənə hər hansı yeni müdaxilənin vəziyyəti daha da gərginləşdirəcəyi barədə xəbərdarlıq edib. O, Pakistanın Yəməndə husilərə qarşı döyüşmək üçün Səudiyyə Ərəbistanına qoşun yeritməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən, "bunların sadəcə şayiə olduğuna ümid edirəm" deyib.
Lahor Universitetinin beynəlxalq münasibətlər professoru Rabiə Axtarın fikrincə, Pakistan qüvvələrinin husilərə qarşı əməliyyatlarda iştirakı İranla qarşıdurmaya səbəb ola bilər: "İslamabad sadəcə Səudiyyə Ərəbistanına dəstək verdiyini israrla desə də, Tehran bunu Pakistanın onun regional maraqlarına qarşı kampaniyaya qoşulması kimi qiymətləndirəcək".
Təhlükəli durum
Nüvə silahına malik Pakistanın cənub-qərbdə İranla təxminən 900 kilometrlik sərhədi var. Digər qonşuları - Hindistan və Əfqanıstanla münasibətləri tez-tez gərginləşsə də, İslamabadla Tehran arasında əlaqələr əsasən sabitdir.
Axtar deyir ki, Səudiyyə Ərəbistanı Pakistan üçün mühüm strateji tərəfdaş olsa da, İran qonşudur və "İslamabad bu böhran başa çatdıqdan xeyli sonra da bugünkü qərarlarının nəticələri ilə üzləşməli olacaq".
ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayandan Pakistan regionda balansı qorumağa çalışır. Müharibə dövründə Pakistan İranın ərəb qonşularına etdiyi dron və raket hücumlarını əsasən pisləyən bəyanatlarla kifayətlənib.
İslamabad həm də özünü vasitəçi kimi təqdim edib, apreldə İran və ABŞ rəsmiləri arasında 1980-ci ildən bəri ilk üzbəüz danışıqlara ev sahibliyi edib.
Milli Müasir Dillər Universitetinin nümayəndəsi Xalid Sultan AzadlıqRadiosuna bildirib ki, 5 oktyabr görüşü avtomatik olaraq Yəməndə daha genişmiqyaslı quru müharibəsinin başlaması kimi yozulmamalıdır: "Məkkə sazişinin əhəmiyyəti sadəcə hərbi əməkdaşlıqda deyil, kollektiv regional çəkindirmə mexanizminin yaradılmasındadır".
Təhlilçinin fikrincə, Məkkə Birgə Müdafiə Sazişinin uğuru onun müharibəyə nə qədər tez qoşulması ilə deyil, müharibənin qarşısını nə dərəcədə səmərəli alması ilə ölçüləcək.
R.Axtara görə isə, Pakistanın husilərə qarşı hücumlarda hər hansı formada iştirakı onun Tehranla vasitəçilik rolunu sıfırlaya bilər: "Yəməndəki hərbi kampaniyasına qoşulmaq bu neytral mövqeyi qoruyub saxlamağı xeyli çətinləşdirər".