ABŞ Rusiya ilə biznes razılaşmaları planını dayandırıb
25 Noyabr 2026
ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa təşviq etmək məqsədilə irəli sürülən biznes və investisiya razılaşmaları təkliflərini dayandırıb.
Bu barədə “Financial Times” beş rəsmi şəxsə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Avropa rəsmilərinə Rusiya ilə korporativ əməkdaşlıq layihələrinin artıq Vaşinqtonun Moskva qarşısında əsas təkliflərindən biri olmadığını bildiriblər.
Buna səbəb Rusiyanın ABŞ tərəfindən irəli sürülən enerji və aviasiya sahəsində birgə layihələrə marağının azalmasıdır. Mənbələrin sözlərinə görə, Moskva əvvəlcə bu təkliflərə müsbət yanaşsa da, sonradan mövqeyini dəyişib. Rusiya tərəfi Ukraynanın ərazi güzəştlərinə getməsini və digər şərtləri irəli sürməkdə davam edir.
Əvvəlki müzakirələrdə ABŞ şirkətlərinin Rusiyanın neft və titan layihələrinə investisiya yatırması, “Şimal axını” qaz kəmərləri ilə bağlı layihələrdə iştirak etməsi, habelə Rusiya hava məkanının Amerika aviaşirkətləri üçün açılması məsələləri yer alıb.