Husilər müharibəyə qoşulur: Səudiyyə Ərəbistanının iki tankeri vurulub
23 İyul 2026
Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" hərəkatının husi qüvvələri Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə zərbə endirdiklərini bəyan ediblər.
Bu barədə husi qüvvələri məlumat yayıb.
"Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə blokadanı pozan iki Səudiyyə Ərəbistanına məxsus neft tankerinə zərbələr endirib. Tankerlərdən biri "ENCELIA", digəri isə "LAYLA" adlanır", - deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, hücum zamanı hərəkat pilotsuz uçuş aparatlarından, həmçinin ballistik və qanadlı raketlərdən istifadə edib. Husilər, həmçinin təxminən 10 gəmini marşrutunu dəyişməyə məcbur etdiklərini bildiriblər.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) isə bildirib ki, tanker Səudiyyə Ərəbistanının Əl-Şuqayk şəhərindən 70 dəniz mili cənub-qərbdə naməlum mərmi ilə hücuma məruz qalıb.
"Tankerin kapitanı naməlum mərminin gəmiyə dəydiyini bildirib. Nəticədə gəmidə yanğın baş verib və ekipaj hazırda alovun söndürülməsi istiqamətində iş aparır", - deyə məlumatda qeyd olunub.