Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hüseyn Abdullayevə effektiv tibbi yardımın edilmir - Müdafiə tərəfi

Sabiq deputat və iş adamı Hüseyn Abdullayevin istintaq təcridxanasında səhhəti ciddi şəkildə pisləşsə də, ona effektiv tibbi yardım göstərilmir, vəkil Şəhla Hümbətova bildirib.

Onun sözlərinə görə, avqustun əvvəlində həkimlər E.Abdullayevə sol mədəciyin hipertrofiyası, ürəyin arxa divarında çat ehtimalı, ürəyin sol ön hissəsinin blokadası diaqnozu qoyublar. Hümbətova bildirib ki, diaqnoz Abdullayevin vəziyyətinin ağır olduğunu və infarkt ehtimalını təsdiqləyib.

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə tərəfi vəsatət qaldırıb ki, Abdullayevin seçdiyi mülki klinikada tibbi müayinədən keçməsi təmin edilsin.

Vəsatət qismən yerinə yetirilib. Abdullayev 1 gün müddətinə həbsxana xəstəxanasına aparılıb, orada vizual müayinə olunub və ertəsi gün Bakı 1 nömrəli İstintq Təcridxanasına qaytarılıb.

Avqustun 22-də H.Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən videokonfransda belə iştirak edə bilməyib. Müdafiə tərəfi ərizəçinin sağlamlığı və həyatı üçün təhlükənin aradan qaldırılması üçün təxirəsalınmaz müvəqqəti tədbirlərin görülməsi üçün Əsasnamənin 39-cu Qaydasına uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə açılan yeni iş üzrə ittihamı rədd edir və 5,5 milyon manat vəsaitin “yuyulması” maddəsi ilə ittiham olunur.

*Hüseyn Abdullayev 90-cı illərdə neft məhsulları biznesində aparıcı mövqe tutub. Onun nəzarətində olan quldur dəstələri müxalifətin etiraz aksiyalarının dağıdılmasında iştirak edib.

2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra onun barəsində vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. Abdullayev 2018-ci il aprelin 22-də Almaniyadan Türkiyədə gəlib və orada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Bakıda o, CM-in 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4 (dələduzluq), 182.2.1 (şəxslərin qabaqcadan əlbirliyi ilə hədə-qorxu ilə tələb etmə), 182.2.2 ( eyni əməllər təkrar törədildikdə) və 182.2.4 (eyni əməllər zərərçəkmişə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib. Daha sonra o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin avqustunda BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu Abdullayevin dərhal azad edilməsinə göstəriş verib.

6 illik həbs cəzasının başa çatmasına 47 gün qalmış, bu ilin mart ayının əvvəlində ona qarşı yeni ittihamlar irəli sürülüb. Hazırda Abdullayev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasında (CM-in 193-1.3.2-ci maddəsi) ittiham olunur. O cümlədən, o, 2006-2014-cü illərdə 6 milyon manat çirkli pulların yuyulmasında ittiham olunur. Halbuki istintaq artıq onun 2000-ci ildən 2018-ci ilə kimi əməllərini araşdırıb.