Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hulusi Akar Bakıdadır - VİDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib.

H.Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Atilla Gülan və başqa yüksək rütbəli zabitlər müşaiyət edir.

H.Akarı hava limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

Daha sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.



Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Qonaqları salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə danışıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularına yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Milli müdafiə naziri ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin digər rəhbər heyətlərinin də iştirak etdikləri görüşdə hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

https://www.youtube.com/watch?time_continue=4&v=zlkeLy_EEmQ&feature=emb_logo