Hörmüz İranın nəzarətindən çıxırmı?
03 Oktyabr 2026
Fars körfəzindən xam neft tədarükü müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb. Amma neftin böyük hissəsi bazarlara müharibədən əvvəl mövcud olmayan marşrutlarla daşınır. İran Hörmüzdən təzyiq vasitəsi kimi istifadə imkanlarını itiribmi?
Əmtəə bazarını təhlil edən "Kpler" şirkətinin məlumatına görə, sentyabrın 1-dən 28-dək regiondan gündə azı 16.5 milyon barel xam neft ixrac olunub. İran nəzərə alınmadıqda, bu göstərici müharibədən əvvəlki orta səviyyəyə bərabərdir.
Xam neft tədarükü artsa da, neft emalındakı məhdudiyyətlər hələ də qalmaqdadır. Avropa İttifaqının (Aİ) oktyabrın 1-də açıqladığı rəqəmlər yanacaqdoldurma məntəqələrində dizelin qiymətinin rekord həddə çatdığını göstərib. Neft ixracının bərpasına baxmayaraq, ABŞ-də də qiymətlər kəskin yüksəlib.
Yollar dəyişib
Daşınma marşrutları isə kökündən dəyişib. Müharibədən əvvəl regionun xam neftinin 83 faizi Hörmüz boğazından keçirdi. Sentyabrda isə neftin 40 faizi boğazdan yan keçərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki boru kəmərləri və digər marşrutlarla daşınıb. Təxminən 60 faizi, yəni gündə 9.9 milyon bareli Hörmüzdən keçib.
"Kpler"in hesabatına görə, avqustda boğazdan keçən xam neftin 70 faizindən çoxu Oman körfəzində, açıq dənizdə bir tankerdən digərinə ötürülüb. Bu fakt hazırkı sistemin adi kommersiya daşımalarından nə qədər uzaq olduğunu göstərir.
AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi qeyd edir ki, tədarükün bərpası İran üçün bu su yolunda hərəkəti pozmaq imkanlarının xeyli zəiflədiyinin bariz göstəricisidir.
Corc Vaşinqton Universitetinin müəllimi Məhəmməd Qaedi isə AzadlıqRadiosunun fars xidmətinə bildirib ki, indiki şəraitdə belə gəmi nəqliyyatının mövcud həcmi Tehran üçün həddindən artıq çoxdur, İran hakimiyyəti üçün "qəbuledilməzdir".
İRANIN HÖRMÜZ BOĞAZINDA İDDİA ETDİYİ 'NƏZARƏT ZONASI'

İran daha gəmilərə hücum etmir?
Ancaq bu rəqəmlər İranın sadəcə Hörmüz üzərindəki nəzarətini tamamilə itirdiyi anlamına gəlmir. Əslində, Tehran əvvəldən boğaza rəsmən nəzarət etməyib. O, sadəcə boğazdan keçidə təhlükə yaratmaqla təzyiq göstərib. Bu da gəmiçilik şirkətlərini körfəzə daxil olmağın risk və xərclərini dərindən ölçüb-biçməyə məcbur edib.
ABŞ qüvvələrinin ticarət gəmilərini qoruması, eləcə də şirkətlərin boğazdakı təhlükələrdən yayınaraq neft daşımağın alternativ yollarını tapması İranın bu imkanlarını xeyli zəiflədib.
Yazıçı və enerji bazarları üzrə təhlilçi Ellen R.Uold AzadlıqRadiosuna bildirib ki, "İranın körfəzdə gəmilərə hücum etmək qabiliyyəti və ya istəyi azalır". Bu vəziyyət gəmilərin ABŞ hərbçilərinin mühafizəsi altında təhlükəsiz keçməsinə imkan verir.
Bununla belə, o xəbərdarlıq edib ki, neft nəqlinin bərpasını tam normal vəziyyətə qayıdış kimi qəbul etmək olmaz.
Bəzi gəmiçilik şirkətləri nefti Hörmüz boğazından keçirərək körfəzin kənarında gözləyən daha iri tankerlərə çatdırmaq üçün ciddi riskləri gözə alırlar. Digərləri isə sığortasız və ya son dərəcə ağır şərtlərlə fəaliyyət göstərir. Uoldun fikrincə, bu, normal vəziyyət deyil və mövcud risklər özü ilə bərabər böyük maliyyə xərcləri gətirir. Elə neft nəqlinin artmasına baxmayaraq, qiymətlərin kəskin düşməməsinin səbəbi də budur.
Müharibənin qiymətə əlavəsi
Xam neft axınının bərpası qlobal tədarük üzərindəki təzyiqi müəyyən qədər azaldıb. Amma Uold neft qiymətlərinin yaxın gələcəkdə müharibədən əvvəlki səviyyəyə qayıdacağını gözləmir. Gəmilərə təhdidin qalması, yüksək sığorta xərcləri və ABŞ-nin hərbi mühafizəsindən asılılıq neftin qiymətində "müharibə əlavəsi"nin saxlanması deməkdir.
"Kpler"in son rəqəmləri göstərir ki, indiki neft ixracı körfəzdəki əvvəlki sistemdən tamamilə fərqlənir. Müharibədən əvvəl regionun xam neft ixracı, demək olar, tamamilə Hörmüzdən asılı idi. İndi isə boru kəmərləri, Qırmızı dəniz marşrutları və açıq dənizdə neftin gəmidən gəmiyə vurulması istehsalçılara bu dar keçiddən yan keçməyə kömək edir. "Kpler" bildirib ki, regionun ixrac sistemi faktiki olaraq daşımaların pozulmasına uyğun şəkildə yenidən qurulub.
Nə qədər çox neft maneəsiz daşınırsa, Tehranın Hörmüzdən təzyiq vasitəsi kimi istifadə imkanları bir o qədər zəifləyir. Amma neft axınını davam etdirmək üçün görülən bu təcili tədbirlərin özü boğazın hələ də ciddi bir rıçaq olaraq qaldığını göstərir.