Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hicabsız İran! "Bundan sonra heç nə əvvəlki vəziyyətinə qayıtmayacaq"

İki gənc iranlı qadın Tehranda bir restoranda hicabsız səhər yeməyi yeyərkən şəkillərini paylaşıblar. Eyni gündə aktrisa Fateme Motamed-Arya bir ictimai dəfn mərasimində hicabsız çıxış edib. Ondan bir gün öncə, sentyabrın 27-də bir qadının əlində üzərində “Qadınlar, həyat, azadlıq” yazılmış plakatla Tehranda hicabsız yürüdüyünü əks etdirən video yayılıb.

Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisinin nəzarətində olarkən həyatını itirməsindən sonra İranda bu qəbildən olan vətəndaş itaətsizliyi aktları artıb.

İranın irili-xırdalı bir çox şəhərində iki həftədir ki, davam edən qəzəbli etirazlar səngimək bilmir. Nümayişlər zamanı bəzi qadın etirazçılar baş örtüklərini çıxarmaqla dini rejimə meydan oxuyublar.

Dövlət bu etirazlara qəddarlıqla cavab verir. İnsan haqları qrupları hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin nümayişçiləri öldürdüyünü bildirir. Etirazlar səngisə belə böyük ehtimalla qadınların hicaba müqaviməti artacaq. Dövlətin qadınlara qarşı repressiyasının rəmzi olan məcburi hicab İslam respublikasının əsas sütunlarından birini təşkil edir.

“Bu gün onlar o cəsarəti tapıblar”


"Get-gedə daha çox qadın ictimaiyyət arasında baş örtüyünü çıxaracaq və məcburi hicab qanununa müqavimət göstərəcək. İndiyə qədər onlar ictimaiyyət arasında başıaçıq gəzməyə cürət etmirdilər. Bu gün onlar o cəsarəti tapıblar”, – Parisdə yaşayan İran əsilli fransalı sosioloq Azade Kian AzadlıqRadiosuna deyib.

Kian əlavə edib ki, hakimiyyət hicab qanununun tətbiqini yumşaltmağa məcbur edilə bilər.

"Hicab qanununu dəyişməsələr də, onu pozan qadınlara qarşı daha yumşaq davrana bilərlər. Ancaq onlar bunun bədəlini ödəməli olacaqlar. Çünki get-gedə daha çox qadın qanunu pozmağa cəsarət edəcək”, – o deyir.

Tehranda yaşayan bir qadın anonimlik şərti ilə AzadlıqRadiosuna deyib ki, bundan sonra heç nə “əvvəlki vəziyyətinə qayıtmayacaq”.

"Mən sahiblərini tanıdığım bəzi restoranlarda baş örtüyümü çıxarırdım. İndi isə ictimaiyyət arasında bunu daha çox edəcəyəm. Əmininin ölümündən və dövlətin zorakılığından sonra bu, edə biləcəyim ən kiçik şeydir”, – o deyib.

Əxlaq polisinin maşınları azalır?


Sentyabrın 28-də “The Financial Times” yazıb ki, son günlərdə əxlaq polisinin ağ-yaşıl maşınları Tehran küçələrindən yoxa çıxıb. Ancaq şəhərdə təhlükəsizlik qüvvələri daha sıx görünür.

İranda hicab İslam inqilabından iki il sonra, 1981-ci ildən məcburi hala gərilib. O zaman baş qaldıran etirazları isə hökumət amansızlıqla yatırıb.

İllər ərzində bir çox qadınlar bu qaydadan yayınmağın müxtəlif yollarını tapıblar. Onlar həm də hicab qanununa qarşı kampaniyalar təşkil ediblər. Hökumətin təzyiqləri ucbatından ölkəni tərk etməyə məcbur qalanlar da çox olub.

Son illərin etirazları


2014-cü ildə mühacirətdə olan fəal Məsih Əlinejad bir “Facebook” səhifəsi açaraq çox sayda qadının hicabsız şəkillərini dərc edib. O həm də qadınların əxlaq polisi və mühafizəkar tərəfindən məruz qaldıqları təhqirləri qeydə almağa çağırıb.

Bundan üç il sonra Vida Muvahed adlı bir gənc qadın Tehranda taxta qutunun üzərinə çıxaraq çubuğun ucuna bağladığı baş örtüyünü yelləyir. Bu, hicab qanununa misli görünməmiş müqavimət idi. Onun bu etirazının görüntüləri sürətlə yayılaraq digər qadınları da etiraza həvəsləndidi.

Qarşıdakı aylarda 30-dan çox qadın həbs olundu, bir neçəsi isə təqib olundu. Onları müdafiə edən insan haqları vəkili Nəsrin Sotudenin özünü həbs cəzasına məhkum etdilər.

Vətəndaş itaətsizliyi aktları o zamana qədər tabu sayılan hicab qanunu ətrafında debata yol açdı.

Rəisi gələndən sonra


Keçmiş prezident Həsən Rohani, dövründə (2013 - 2021) hicab qanununun tətbiqi yumşaldıldı. Ancaq mühafizəkar prezident İbrahim Rəisinin 2021-ci ilin avqustunda hakimiyyətə gəlməsindən sonra hökumət yenidən hicab qanununu pozan qadınları təqib etməyə başladı. Rəisinin iyulun 5-də verdiyi sərəncamla qadınların geyim-kecimi ilə bağlı yeni məhdudiyyətlər siyahısı gəldi.

Son aylarda “tam hicaba” hörmət etməyən qadınlar hökumət idarələrinə, banklara, ictimai nəqliyyata buraxılmayıb. Əxlaq polisi isə get-gedə daha fəal və zorakı olmağa başlayıb. Sosial mediada qadınları saxlayaraq zorla maşına basan və silkələyən polis əməkdaşlarının görüntüləri yayılıb.

Sentyabrın 13-də Tehranda əxlaq polisi Əminini guya hicabı düzgün geymədiyi üçün saxlayıb. Üç gün sonra isə qadın xəstəxanada həyatını itirib. Fəallar və yaxınları onun təcridxanada başına vurulan zərbələrdən öldüyünü deyir. Hökumətsə onun ürək tutmasından öldüyünü iddia edir.

Bu hadisədən sonra Əmininin adı dövlətin qadınlara qarşı on illərlə davam edən zorakılığına müqavimətin rəmzinə çevrilib. Etirazçılar İslam respublikasına son qoyulmasını tələb edirlər.

Hicabsız müsahibə


İnternetdə paylaşılan görüntülərdə təhlükəsizlik güclərinin qarşısına başıaçıq çıxan, küçələrdə hicabsız gəzən qadınları görmək olur.

Bir neçə aktrisa da sosial mediada özlərinin hicabsız görüntülərini paylaşıb. Onlardan biri, Katayun Riahi Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi televiziya kanalına hicabsız müsahibə verib.

Təhlükəsizlik qüvvələrinin sentyabrın 28-də Riahinin evində reyd keçirdiyi, aktrisanın onlardan əvvəl qaçdığı üçün həbsdən qurtulduğu deyilir. Hazırda onun harada olduğu bilinmir. Riahinin “Instagram” səhifəsinin administratoru sentyabrın 29-da aktrisanın həyatının təhlükədə olduğunu yazıb.

Bundan bir neçə gün öncə İranın Mədəniyyət naziri Mohammad Mehdi Esmaili deyib ki, baş örtüklərini ictimai şəkildə çıxaran aktrisalar bundan sonra ölkə daxilində çalışa bilməyəcəklər.