Heyvan kəsimi mağazalarında monitorinq: 453-də soyuducu yoxdur...
24 Oktyabr 2025
Azərbaycandakı bir çox heyvan kəsimi və ət satış məntəqələrində soyuducuların olmadığı bildirilir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qurum oktyabrın 22-nə kimi 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirildiyini bildirir: "Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb. Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib".
AQTA heyvan kəsimi və ət satış mağazaları ilə bağlı hər hansı ünvan göstərməyib. İnzibati tədbir görülən mağaza sahiblərinin iradlara münasibətini öyrənmək mümkün olmayıb.
Xatırlatma
Son aylar Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyinin yayıldığı bildirilir. Bununla bağlı ölkənin əksər rayonlarından şikayətlər eşidilir. Yaxınlarda prezident İlham Əliyev Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü ildə Romada təsdiq edilmiş "Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası"nın Nizamnaməsinə qoşulması ilə bağlı qanunu təsdiqləyib. Nizamnamədə xəstəliyin yayılmasının qarşısını almaq, peyvənd proqramlarını tənzimləmək, karantin tədbirlərini tətbiq etmək, üzv ölkələr arasında informasiya mübadiləsi və tədbirlərin koordinasiyası kimi məsələlər əksini tapır. Azərbaycanda dabağa qarşı peyvənd pulsuzdur.
Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunmalıdır. Bu, epizootik sabitliyin, bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə izah edilib.