Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həbsdə öldüyü iddia edilən İmran Xanın partiyası onunla görüş tələb edir

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın partiyası onunla görüş tələb edir. Partiya bildirir ki, üç həftədən çoxdur siyasətçiyə ailəsi və vəkilləri ilə görüş verilməyib deyə, onun səhhətindən narahatdır.

Xan 2023-cü ilin avqustundan həbsdədir. Ona korrupsiya ittihamları ilə 14 il həbs cəzası kəsilib. Özü isə ordunun onu siyasətdən uzaqlaşdırmaq üçün cinayət işlərini düzüb-qoşduğunu bildirir. Ordu bu iddianı rədd edir.

Xanın "Təhrik-i-İnsaf" partiyasının sözçüsü Zülfikar Buxari deyib ki, noyabrın 4-dən bəri onu görən olmayıb, buna səbəb də göstərilməyib. "Keçmiş baş nazir" statusuna baxmayaraq, Xana ziyarətdən, tibbi yardımdan imtina olunur.

"Onun səhhətindən, qanunsuz təcridindən narahatıq", – Buxari "Reuters"ə deyib.

Xanın ailəsi, partiya üzvləri son günlər həbsxana qarşısında etiraz edərək onunla görüş tələb ediblər.

Qanunla o, həftədə azı bir dəfə kənardan gələnlərlə görüşə bilər.

Yerli medianın yazdığına görə, 73 yaşlı Xanla görüşləri çətinləşdirmək üçün onu sərt rejimli həbsxanaya da köçürə bilərlər.

Pakistanın Daxili İşlər Nazirliyi sorğuları cavablandırmayıb.

Həbsxana rəsmisi keçmiş baş nazirin səhhətinin yaxşı olduğunu deyib.

2018-ci ildə baş nazir seçilən Xan 2022-ci ildə ordu ilə mübahisədən sonra parlament səsverməsi ilə vəzifədən kənarlaşdırılıb. Onun 2023-cü ildə həbsi ölkədə etirazlara səbəb olub.