Gürcüstanda Mixail Kavelaşvili prezident seçilib, Zurabişvili və müxalifət nəticələri tanımır
14 Dekabr 2024
Gürcüstan Mərkəzi Seçki Komissiyası Mixail Kavelaşvilini Gürcüstanın altıncı prezidenti elan edib.
MSK bəyan edib ki, o, 300 seçicidən 224-nün səsini toplayıb.
Səsvermə yerli vaxtla saat 09:00-dan 14:00-dək keçirilib. Seçkilərdə Seçki Kollegiyasının 225 üzvü iştirak edib, bir bülleten etibarsız hesab olunub.
M.Kavelaşvili yeganə namizəd olub. Onun namizədliyi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası tərəfindən irəli sürülüb.
Nə Gürcüstan prezidenti Salome Zurabişvili, nə də müxalifət bu seçkinin legitimliyini tanıyıb.
Prezident S.Zurabişvili seçki barədə deyib: “Heç nə olmayıb. Heç kim heç kimi seçməyib. Heç nə baş verməyib”.
Gürcüstan parlamentinin yerləşdiyi ərazi polis kordonu ilə əhatələnib. İctimai nəqliyyatın hərəkəti dayanıb. Tbilisidə etirazlar gözlənilir.