Gürcüstanda həbslər: Keçmiş müdafiə naziri və Saakaşvilinin partiyasının sədri həbs ediliblər
14 Sentyabr 2025
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının sabiq sədri Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçib.
Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, Xabeişvili təhlükəsizlik qüvvələrinə rüşvət təklif etməkdə və hökuməti devirməyə çağırışda ittiham olunur.
Xabeişvilinin vəkilləri məhkəməyə müxtəlif tədbirlər, o cümlədən zaminə buraxılma, elektron qolbaq taxmaq və ev dustaqlığı təklif ediblər.
Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladze barəsində də həbs qətimkan tədbiri seçilib.
Bununla da hakim Eka Barbakadze ittiham tərəfinin vəsatətini təmin edib.
Bundan əvvəl müdafiə tərəfi zaminə buraxılması ilə bağlı məhkəməyə vəsatət vermiş, hakim təmin etməmişdi.