Gürcüstanda daha bir müxalifət lideri saxlanılıb
12 Sentyabr 2025
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) "Vahid Milli Hərəkat" müxalifət partiyasının liderlərindən biri Levan Xabeişvilini saxlayıb. Bu barədə ilkin olaraq jurnalist Mixa Mşvildadze məlumat verib və saxlanma anının videosunu yayıb.
Xabeişvili saxlanmazdan öncə deyib ki, həbsini gözləyirdi: "(DTX rəhbəri Mamuka) Mdinaradze ona verilən tapşırığı icra edir. Güc gürcü xalqındadır. Bunu gözləyirdim. Belə çıxır ki, bir nəfər - Xabeişvili İvanişvilini məğlub edə bilər".
Milyarder Bidzina İvanişvili hakim "Gürcü Arzusu" partiyasının qurucusudur.
DTX saxlanma faktını təsdiqləyib, lakin ətraflı bilgi verməyib. Qurum brifinq keçirəcək.
L.Xabeişvili oktyabrın 4-də ölkədə planlaşdırılan yerli özünüidarə orqanlarına seçkilər zamanı "dinc inqilab" elan edib. Keçmiş prezident Mixeil Saakaşvilinin yaratdığı "Vahid Milli Hərəkat" seçkiləri boykot edir.