Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Gürcü Arzusu" ərəb sərmayəsinə görə qanunu dəyişir

Gürcüstan parlamentinə "Sahibkarlar haqqında" Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi təqdim edilib. Məqsəd Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Eagle Hills" şirkəti ilə investisiya layihəsinin icrası üçün hüquqi baza yaratmaqdır.

"Exo Kavkaza" yazır ki, qanun layihəsi sürətləndirilmiş prosedurla müzakirə olunur. Layihəyə görə, dövlət qulluqçusu dövlətin müəssisədəki payından asılı olmayaraq investisiya layihəsinin direktorlar şurasına daxil olacaq. Mövcud qanunla bu, dövlətin payı 50 faizdən çox olduqda mümkündür.

Hakim "Gürcü Arzusu" təmsilçilərinin daha öncəki açıqlamalarına görə, yeni layihədə dövlətin payı 33 faiz olacaq. Artıq "Eagle Hills Georgia" adlı birgə müəssisə yaradılıb. Layihə çərçivəsində Tbilisi (Krtsanisi meşə parkı ərazisi) və Qonioda 6.6 milyard dollarlıq investisiya nəzərdə tutulur.

"Korrupsiya ilə mübarizə haqqında" Qanun dövlət qulluqçularına kommersiya təşkilatlarının müşahidə şuralarında təmsil olunmağı yasaqlayır. "Sahibkarlar haqqında" Qanun isə yalnız dövlətin 50 faizdən çox paya malik olduğu müəssisələr üçün istisna nəzərdə tutur. Bu halda dövlət qulluqçusu öz vəzifəsini pulsuz icra edir və bu, maraqlar toqquşması sayılmır.

Müxalifət partiyaları, ictimaiyyət təmsilçiləri, ekoloqlar və iqtisadçılar bu iri layihəyə qarşı çıxıblar. Bəziləri "ərəb şəhərləri"nin tikintisi ilə bağlı mümkün demoqrafik risklərə diqqət çəkirlər. İnvestorun bildirdiyinə görə, daşınmaz əmlakın 60 faizini əcnəbilər ala bilər. Daha bir əks-arqument maliyyə və ekoloji risklərlə bağlıdır. Baş nazir İrakli Kobaxidze, "Gürcü Arzusu"nun bütün nümayəndələri isə investorları dəstəkləyib.