Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gültəkin Hacıyeva polisdən buraxılıb, amma istintaq davam

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü,  səhər tezdən Bakı hava limanında saxlanılan Gültəkin Hacıyeva  saat 10:00-a yaxın polisdən buraxılıb.

“Məni səhər saat dördün yarısında Brüsseldən gələndə pasport nəzarəti zamanı saxladılar. Sərhədçilər bildirdilər ki, mənim barəmdə axtarış elan edilib. Əvvəl Hava Nəqliyyatında Polis İdarəsinə, sonra Nəsimi Rayon Polis İdarəsinə apardılar”, - Hacıyeva Turan-a bildirib.

Məlum olub ki, oktyabrın 27-də ona qarşı cinayət işi açılıb.

"Sentyabrın əvvəlindən Bakıda yox idim. Mən ölkədə olmaya-olmaya mənə Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə xüsusi ittiham qaydasında cinayət işi açıblar və telefonlarım açıq olsa da nə zənglə, nə sms vasitəsilə bu barədə mənə xəbər verməyiblər. Sonra isə barəmdə axtarış elan ediblər və hətta vəkil təyin ediblər, amma bu vəkil də mənə xəbər verməyib", - Hacıyeva deyib.

Onun sözlərinə görə, cinayət işi üçün əsas Facebook-da bir istifadəçinin statusuna yazdığı şərh olub.

"Həmin istifadəçi davamlı şəkildə milli zəmində aşağılayıcı fikirlər yazırdı və mən bunun ksenofobiya və separatizm olduğunu hesab edirəm. Həmin şəxs naməlum istifadəçidir və bir neçə gün sonra paylaşımını silib. Mövcud olmayan statusa və şərhə görə məhkəmə mənim barəmdə axtarış elan edib”, - Hacıyeva deyib.

O əlavə edib ki, axtarış və həbslə bağlı məhkəmə qərarı ləğv edilib, lakin məhkəmə prosesi yenilənib və məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.